Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ “VƏTƏNƏ XIDMƏTƏ GÖRƏ” ORDENININ STATUTUNUN VƏ TƏSVIRININ TƏSDIQ EDILMƏSI BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

AzərbaycanRespublikasının 2003-cü il 7 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutu

1. Azərbaycan Respublikasının üç dərəcədə “Vətənə xidmətə görə” ordeni aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

2. “Vətənə xidmətə görə” ordeninin ən yüksək dərəcəsi birinci dərəcə sayılır.

“Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

3. “Vətənə xidmətə görə” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

AzərbaycanRespublikasının 2003-cü il 7 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

“Vətənə xidmətə görə” ordeninin təsviri

“Vətənə xidmətə görə” ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.

Ulduzun ortasında mavi mina ilə örtülmüş dairəvi lövhə həkk edilmişdir. Lövhənin çökək mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca “Vətənə xidmətə görə” sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

“Vətənə xidmətə görə” ordeninin üç dərəcəsi vardır. Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 32 mm x 38 mm-dir. Hər dərəcənin səthinin müvafiq rəng çaları vardır.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Orden paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,15 mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və cəhrayı-şabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

Ordenə paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin