Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI HAQQINDA ƏSASNAMƏ”NİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 31 may tarixli 242 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. ”Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etsin;

3.4. müvafiq dövlət orqanları ilə birlikdə “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) tənzimlənməsi ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin