Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2009-CU İL 19 İYUN TARİXLİ 835-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 835-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 176.3-1-ci maddəsində nəzərdə tutulmuş elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda) və 150.3.3.-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.4. həmin Məcəllənin 176.3-1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin