SİYASƏT


AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN BƏYANATI

Demokratik inkişaf yolunu tutmuş Azərbaycan Respublikasında söz, mətbuat azadlığı, siyasi plüralizm tam bərqərar olmuşdur. Hazırda ölkəmizdə 42 siyasi partiya, 800-dən çox müxtəlif yönümlü kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Mətbuat orqanlarının problemləri dövlətin daim diqqət mərkəzində saxlanılaraq, onların təsis edilməsi proseduru tam sadələşdirilmiş, maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin hüquqlarının təmin edilməsi üçün zəruri şərait yaradılmış, digər məqsədyönlü tədbirlər görülmüşdür.

Mətbuat vasitələrinin əsas vəzifələrindən biri siyasi, habelə ictimai maraq kəsb edən məsələlər haqqında informasiya və fikirlər yaymaqdır. Lakin söz azadlığı başqa şəxslərin nüfuzunu, şərəf və ləyaqətini ləkələmək üçün istifadə edilməməlidir.

Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və onların himayəçiləri yaradılmış əlverişli şəraitdən siyasi ambisiyalar naminə sui-istifadə edərək, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş demokratik prinsiplərə və qanunvericiliyimizin tələblərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirir, qəzet səhifələrində böhtan dolu, sifarişli, qərəzli yazırlarla insanları çaşdırmağa, Azərbaycan xalqı və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilən, böyük səylər bahasına bərqərar olunmuş ictimai-siyasi sabitliyin pozulmasına, süni qarşıdurma yaradılmasına yönəlmiş və ölkə başçısının şərəf və ləyaqətinə toxunan çıxışlar edirlər.

Belə böhtan və uydurma xarakterli çıxışlar ölkəmizdə prezident seçkiləri ərəfəsində daha iyrənc forma almışdır. Bəzi kütləvi informasiya vasitələrində, xüsusilə “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq”, “Cümhuriyyət” qəzetlərində sivil, demokratik prinsiplərlə bir araya sığmayan seçkiqabağı təşviqat üsullarına əl atılaraq, prezidentliyə namizədliyi qeydə alınmış dövlət başçısı cənab Heydər Əliyev barədə Seçki Məcəlləsinin tələbləri kobudcasına pozularaq, adi əxlaq qaydalarına və etik normalara, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə zidd olan yazılar dərc edilir.

Belə yazılar geniş ictimaiyyətin hiddətinə səbəb olaraq, dərin nifrət və qəzəb hissi doğurur və bunun qarşısının alınması təkidlə tələb olunur.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bəyan edir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar dərc etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunması “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir və yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 106-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti – Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən, Silahlı Qüvvələrin Ali Baş Komandanı toxunulmazlıq hüququna malikdir, onun şərəf və ləyaqəti qanunla qorunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən, kütləvi çıxışlarda və ya kütləvi informasiya vasitələrində ölkə başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltma cinayət məsuliyyəti yaradır.

Bununla əlaqədar, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi konstitusion quruluşun əsaslarına və milli dövlətçiliyimizə zərər vuran, Azərbaycan Respublikasının Prezidentinə qarşı şər və böhtan kampaniyasına rəvac verən, ölkədə qarşıdurma yaradılmasına yönəlmiş yazılar dərc edən mətbu orqanları belə hərəkətlərdən çəkinməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına hörmətlə yanaşmağa çağırır.

Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinin hüquqi vasitələrlə müdafiəsinin Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməsi ilə əlaqədar nazirlik bəyan edir ki, dövlət başçısının şərəf və ləyaqətinə toxunan, böhtan və iftira dolu çıxışlara yol verilməsi qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə nəticələnə bilər.

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.