SİYASƏT


AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Avropa Şurasının insan hüquqları üzrə komissarı Alvaro Hil Robles və onu müşayiət edən şəxslərlə görüş keçirilmişdir. 

Baş prokuror Zakir Qaralov qonaqları salamlayaraq, onları Avropa Şurasının təşəbbüsü ilə “Ombudsman təsisatının rolu” mövzusunda respublikamızda keçirilən seminarın uğurla başa çatması münasibətilə təbrik etmiş və ümidvar olduğunu bildirmişdir ki, bu beynəlxalq tədbir Azərbaycanda Ombudsman təsisatının daha da inkişaf etdirilməsi, qabaqcıl dünya dövlətlərinin təcrübələrindən istifadə olunmaqla, ölkəmizdə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün əlavə təminatlar yaradılmasında mühüm rol oynayacaqdır.

Baş prokuror sözünə davam edərək bildirmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli “İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanının xüsusi rolu olmuşdur. Məhz bu fərmana müvafiq olaraq, respublikamızda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın işlənib hazırlanması, qüvvədə olan normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq aktların müddəalarının milli qanunvericiliyə implementasiya olunması, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əlaqələrin daha da inkişaf etdirilməsi və digər bu kimi tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Ölkə həyatında mühüm hadisə olan 2002-ci il 24 avqust tarixli referendum nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yeni təminatlar yaradılmışdır.

Cənab Alvaro Hil Robles səmimi qəbula görə minnətdarlığını bildirirək, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində Azərbaycanda aparılan işi yüksək dəyərləndirmiş, respublikada yeni yaranmış qurum Ombudsman fəaliyyətinin düzgün təşkili üçün bütün səlahiyyətli orqanların, o cümlədən prokurorluğun yaxından əməkdaşlıq etməsini zəruri saydığını bildirmişdir.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında aparılan islahatlar barəsində qonaqlara məlumat verən baş prokuror Zakir Qaralov bildirmişdir ki, qəbul edilmiş demokratik xarakterli qanunlar prokurorluğu insan hüquq və azadlıqlarının müdafiəçisinə çevirmişdir. Hazırda insan hüquq və azadlıqlarını məhdudlaşdıran bütün prosessual hərəkətlər məhkəmənin qərarına əsasən həyata keçirilir. Azərbaycanda ilk dəfə olaraq prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq müşahidəçilərin nəzarəti altında həyata keçirilməsinin birinci mərhələsi – test imtahanları uğurla başa çatdırılmışdır. Görülən bu işlərin son nəticədə insan hüquq və azadlıqlarının təmini və müdafiəsini daha yüksək səviyyədə həyata keçirməyə əlverişli şərait yaradacağı şübhəsizdir.

Görüş zamanı fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallara cavablar verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.