İQTİSADİYYAT
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSAD MƏHKƏMƏSİNDƏ
Fevralın 8-də Azərbaycan Respublikası İqtisad Məhkəməsi Rəyasət heyətinin 2001-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyev iclası giriş sözü ilə açaraq, 2001-ci ildə İqtisad Məhkəməsinin fəaliyyətinin başlıca istiqamətlərindən, yerli iqtisad məhkəmələrinin fəaliyyətindən, ölkəmizdə keçirilən məhkəmə-hüquq islahatlarından danışdı.
Sonra sədr müavini Sərvət Hüseynov “Azərbaycan Respublikası İqtisad Məhkəməsində 2001-ci ildə ədalət mühakiməsinin həyata keçicilməsi vəziyyətinə dair” məruzə ilə çıxış edərək, iqtisad məhkəməsində baxılan işlərin ümumiləşdirilməsindən və təhlilindən danışdı. İş prosesində qarşıya çıxan bəzi çətinliklərdən bəhs edən natiq tərəflərin və prosesin digər iştirakçılarının qanunla qorunan hüquq və mənafelərinin ədalətlə təmin edilməsinin məhkəmənin ən ali məqsədi olduğunu vurğuladı.
Sonra beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair işlər üzrə iqtisad məhkəməsinin, yerli iqtisad məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası İqtisadi Məhkəməsi sədrlərinin “2001-ci ildə yerli iqtisad məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair” məruzələri dinlənildi. Onlar rəhbərlik etdikləri məhkəmələrin fəaliyyətindən, baxdıqları işlərin xarakterindən, dinamikasından danışaraq, yerlərdə qarşılaşdıqları problemlərdən söhbət açdılar.
Azərbaycan Respublikası İqtisad Məhkəməsi Rəyasət Heyətinin iclasına dəvət olunmuş ali məhkəmənin sədr müavini Hikmət Mİrzəyev də müzakirə olunan məsələlərlə bağlı çıxış edərək öz fikrini bildirdi.
2001-ci ildə iqtisad məhkəməsinin fəaliyyətini qənaətbəxş kimi qiymətləndirən Cəfər Vəliyev iş prosesində yol verilən nöqsanlardan, yerli iqtisad məhkəmələrinin buraxdıqları səhvlərdən də söz açdı və gələcək də belə qüsurlara yol verilməməsi ilə əlaqədar əməli təkliflərlə çıxış etdi.
Azərbaycan Respublikası da iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq ölkədə xarici investisiyalı və birgə müəssisələrin sayının artdığını qeyd edən natiq 2000-ci illə müqayisədə 2001-ci təqvim ili ərzində xarici hüquqi şəxslərin, sahibkarların və birgə müəssisələrin iştirakı ilə məhkəmə işlərinin nəzərə çarpacaq dərəcədə çoxaldığını bildirdi.
2002-ci ildə İqtisad Məhkəməsinin qarşısında duran vəzifələrdən, perspektiv planlardan, görüləsi işlərdən danışan natiq, məhkəmə prosesi iştirakçılarının hər birinin qanuni mənafelərinin qorunmasının və pozulmuş hüquqların bərpasının çox vacib olduğunu vurğuladı.