İQTİSADİYYAT
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Dünya Bankı rəhbərliyinin rəsmi dəvəti ilə Vaşinqtonda səfərdə olmuş Azərbaycan hökumətinin nümayəndə heyəti ölkəmizdə davam edən struktur islahatlarına yardım üçün bu beynəlxalq qurum tərəfindən SAK-II (ikinci struktur dəyişiklikləri krediti) proqramı üzrə respublikamıza növbəti kreditin ayrılması ilə bağlı fevralın 6-dan 8-dək ikitərəfli danışıqlarda iştirak etmişdir.
Görüşlərdə Azərbaycan hökumət nümayəndə heyətinə respublikanın aliyyə naziri Əvəz Ələkbərov, Dünya Bankı tərəfindən isə SAK-II Layihə Qrupunun rəhbəri Kristian Pitersen başçılıq etmişlər. Üç günlük müzakirədən sonra danışıqların nəticəsi olaraq Dünya Bankı tərəfindən respublikamıza iki hissədən ibarət 10 illik güzəşt müddəti nəzərdə tutulmaqla 35 il müddətinə, illik 0,75 faiz ödəmə şərti ilə 60 milyon ABŞ dolları həcmində kreditin ayrılması barədə razılıq protokolu imzalanmış, tarazlaşdırılmış iqtisadi artıma və yoxsulluğun aradan qaldırılmasına yönəldilən islahat proqramı haqqında məktubun və inkişaf krediti barədə sazişin layihələri bəyənilmişdir.
Səfər müddətində Dünya Bankının mərkəzi qərargahında Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinə və perspektiv imkanlarına həsr olunmuş seminar – müşavirə keçirilmişdir.
Səfərdə Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov, respublika İqtisadi İnkişaf Nazirliyinin departament rəisi Elçin Nadirov və başqaları iştirak etmişlər.