SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININBƏYANATI
Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilər Konstitusiya və digər müvafiq qanunlarla müəyyən edilmiş qaydalara uyğun keçirilməlidir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 18-ci maddəsi müəyyən edir ki, ölkə ərazisində yerli özünüidarə orqanlarına seçkilər yalnız Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilə bilər.
İşğalçı Ermənistanın hökumət dairələrinin və separatçıların Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundan silah gücünə qovulmuş on minlərlə yerli azərbaycanlı, rus və digər millətlərdən olan seçicilərin iştirakı olmadan Konstitusiyadankənar “yerli özünüidarəetmə orqanlarına seçkilər“ keçirmək cəhdləri həmin vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması deməkdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş belə “seçkiləri” qanunsuz hesab edir və tanımır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qanuni yerli özünüidarəetmə orqanlarının formalaşması yalnız işğal olunmuş torpaqlar tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasından sonra Azərbaycan Konstitusiyası əsasında həyata keçirilə bilər.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası.
Bakı şəhəri, 7 avqust 2004-cü il.