Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI DAİMİ NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli İlham müəllim!

Sizi Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və bu nüfuzlu beynəlxalq təşkilatın Büro üzvü seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Avropa parlamentarilərinin yekdil səsi ilə bu nüfuzlu qurumda yüksək vəzifəyə seçilməyiniz Azərbaycan xalqını ürəkdən sevindirmişdir. Sizin bu şəxsi nailiyyətiniz bütün Azərbaycanın qələbəsidir.

Vaxtilə Kremlin zirvəsinə yüksələn Heydər Əliyev şəxsiyyətinin, onun yaratdığı siyasi məktəbin layiqli yetirməsi, davamçısı olan Siz bu gün Avropa Şurasının Parlament Assambleyasında yüksək zirvəni fəth etmisiniz. Xalqımız öz sevimli oğlu İlham Əliyevin diplomatik uğurunu Prezidentimiz möhtərəm Heydər Əliyevin apardığı müdrik xarici siyasətin davamı kimi qiymətləndirir.

Sizin rəhbərlik etdiyiniz parlament nümayəndə heyəti Avropa Şurasına üzv olduğumuz iki il müddətində dünya ictimaiyyətinin nəzər diqqətini cəlb edən səmərəli fəaliyyət göstərmişdir. Siz təşkilatın yüksək kürsüsündən Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında, erməni təcavüzünün ifşa olunmasında çox böyük işlər görmüsünüz.

Hörmətli İlham müəllim!

Qazandıgımız bu qələbə ilk növbədə Sizin şəxsi nüfuzunuzun, obyektivliyinizin, prinsipiallığınızın, fədakarlığınızın məntiqi nəticəsidir. Sizi bu münasibətlə bir daha ürəkdən təbrik edir, Azərbaycanımızın sabahı naminə məqsədyönlü, yorulmaz, vətəndaş qeyrətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm!

Hörmətlə,

Murtuz Ələsgərov

Azərbaycan Respublikası

Milli Məclisinin sədri

Bakı şəhəri, 28 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin