Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 10 AVQUST TARİXLİ 383 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT ƏMLAKININ ÖZƏLLƏŞDİRİLMƏSİNİN II DÖVLƏT PROQRAMI”NA ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 606; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №4, II kitab, maddə 189, №10, maddə 592; 2003-cü il, №10, maddələr 566, 569; 2004-cü il, №6, maddə 432; 2005-ci il, №5, maddələr 400, 403, 405; 2006-cı il, №7, maddə 590, №8, maddə 678, №9, maddə 742) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na aşağıdakı məzmunda 9-1-ci bənd əlavə edilsin:

“9-1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin istifadəsində olan dövlətə məxsus torpaqların üzərində və ya altında ümumi təyinatlı qaz, elektrik, su, kanalizasiya və digər kommunikasiya xətləri (müəssisə və obyektin özünə xidmət edənlər istisna olmaqla) yerləşdikdə, torpaq sahəsinin müvafiq hissəsi dövlət mülkiyyətində saxlanılır. Qaz, elektrik, su, kanalizasiya və digər kommunikasiya xətləri özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçiləri tərəfindən öz vəsaitləri hesabına aidiyyəti icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla başqa yerə keçirildikdə, həmin torpaq sahələri qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəlləşdirilə bilər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin