Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 2001-CI IL 6 SENTYABR TARIXLI 576 NÖMRƏLI FƏRMANI ILƏ TƏSDIQ EDILMIŞ "AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT TORPAQ VƏ XƏRITƏÇƏKMƏ KOMITƏSI HAQQINDA ƏSASNAMƏ"YƏ DƏYIŞIKLIK VƏ ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ FƏRMANI

1. Azərbaycan Respublikası prezidentinin 2001-ci il 6 sentyabr tarixli 576 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

II bölməyə aşağıdakı redaksiyada yeni 9.7-ci və 9.8-ci yarımbəndlər əlavə edilsin və bu bölmənin 9.7-ci yarımbəndi 9.9-cu yarımbənd hesab edilsin:

"9.7. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

9.8. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;".

III bölmənin 10.27-ci yarımbəndində "yer səthinin" sözləri "yer səthini," sözləri ilə əvəz edilsin.

III bölməyə aşağıdakı redaksiyada yeni 10.42-ci və 10.43-cü yarımbəndlər əlavə edilsin və bu bölmənin 10.42-ci yarımbəndi 10.44-cü yarımbənd hesab edilsin:

"10.42. Kartoqrafiya məhsullarında və normativ-texniki sənədlərdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin qanuni və düzgün çəkilməsinə nəzarət edir;

10.43. Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin edir;".

2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının prezidenti

23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin