Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 21 FEVRAL TARİXLİ 857 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASI HAQQINDA ƏSASNAMƏ”YƏ VƏ “ALİMLİK DƏRƏCƏLƏRİNİN VƏ ELMİ ADLARIN VERİLMƏSİ QAYDALARI HAQQINDA ƏSASNAMƏ”YƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 89) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.1. 1-ci bəndin birinci abzasında “dövlət siyasətini” sözlərindən əvvəl “vahid” sözü, ikinci abzasında “verilməsi ilə bağlı” sözlərindən sonra “mülkiyyət formasından asılı olmayaraq” sözləri əlavə edilsin.

1.2. 5.3-cü bənddə “ixtisaslaşdırılmış” sözü “müdafiə etdikləri dissertasiyaya görə” sözləri ilə əvəz edilsin.

1.3. 6.1-ci bənddə “elmi (elmi-tədqiqat, elmi-istehsalat)” sözlərindən əvvəl “mülkiyyət formasından asılı olmayaraq” sözləri, “müdafiə” sözündən əvvəl “həmin şuralarda” sözləri əlavə edilsin.

1.4. 6.2-ci bəndin ikinci cümləsində “əcnəbilərə” sözündən sonra “, zəruri hallarda, Azərbaycan Respublikası vətəndaşlarına” sözləri, “fəlsəfə doktoru” sözlərindən sonra “(Doktor of Philosophy)” sözləri əlavə edilsin.

1.5. 6.3-cü bənddə “elmi (elmi-tədqiqat, elmi-istehsalat)” sözlərindən əvvəl “mülkiyyət formasından asılı olmayaraq” sözləri əlavə edilsin.

1.6. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.7. “Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq xarici dövlətlərdə alınmış alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında diplom və attestatların nostrifikasiyasını (bərabər tutulmasını), xarici ölkələrdə alimlik dərəcəsi və elmi ad almış şəxslərin təkrar attestasiyasını (xarici dövlətlərdə alınmış alimlik dərəcələrinin və elmi adların tanınması və ekvivalentliyinin müəyyən edilməsini) həyata keçirir;”.

1.7. 6.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.8. alimlik dərəcəsi olan elmi işçilər barədə məlumat bankı yaradır;”.

1.8. 7.5-ci bənddə “opponentləri” sözü “rəsmi opponentləri” sözləri ilə əvəz edilsin.

1.9. 9.4-cü bənddə “rəyasət heyətinə” sözlərindən sonra “və kollegiyasına” sözləri əlavə edilsin.

1.10. 9.5-ci bənddə “ekspert şuralarının” sözlərindən sonra “ və dissertasiya şuralarının” sözləri əlavə edilsin.

1.11. 9.6-cı bənddə “protokollarını” sözündən sonra “və qərarlarını” sözləri əlavə edilsin, “təsdiq edir” sözləri “imzalayır” sözü ilə əvəz edilsin.

1.12. Əsasnaməyə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin:

“10. Komissiyanın baş elmi katibi Komissiyanın sədri tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir.

Komissiyanın baş elmi katibi Komissiyanın sədri ilə birlikdə Komissiyanın rəyasət heyətinin və kollegiyasının protokollarını və qərarlarını, alimlik dərəcələri və elmi adlar verilməsi ilə bağlı diplom və attestatları imzalayır.”.

1.13. 13-cü bənd çıxarılsın.

1.14. 10-12-ci bəndlər müvafiq olaraq 11-13-cü bəndlər hesab edilsin.

1.15. 11-ci bəndin birinci abzasında “, kollegiya və plenum” sözləri “və kollegiya” sözləri ilə, ikinci abzasında “Komissiyada” sözü “Komissiyanın” sözü ilə əvəz edilsin.

1.16. 12.4-cü bənddən “elmlər namizədi və elmlər doktoru” sözləri çıxarılsın.

1.17. 12.5-ci bənddə “dosent və professor elmi adlarının” sözləri “elmi adların” sözləri ilə əvəz edilsin.

1.18. 12.6-cı bənddə “dissertasiya şuralarının” sözlərindən əvvəl “ekspert və” sözləri əlavə edilsin, “dissertasiya şuralarının rəhbərlərinin” sözləri “onların rəhbərlərinin” sözləri ilə əvəz edilsin.

1.19. 13-cü bəndin birinci abzasında “ildə dörd” sözləri “ayda bir” sözləri ilə əvəz edilsin.

1.20. 14-cü bənd aşağıdakı redaksiyada verilsin:

“14. Komissiyanın kollegiyası:

14.1. Komissiyanın sədrindən (kollegiyanın sədri), sədr müavinindən, baş elmi katibdən, habelə Komissiyanın başqa əməkdaşlarından ibarət tərkibdə yaradılır, tərkibi Komissiyanın rəyasət heyəti tərəfindən təsdiq edilir;

14.2. müntəzəm keçirilən iclaslarında Komissiyanın cari fəaliyyəti, qəbul olunan qərarların icrası, kadrların seçilməsi və onlardan istifadə edilməsi ilə əlaqədar məsələləri, Komissiya sədrinin zəruri hesab etdiyi hallarda müvafiq qərarların və təlimatların layihələrini, Komissiya aparatı bölmələrinin rəhbərlərinin hesabatlarını müvafiq olaraq dinləyir və müzakirə edir;

14.3. elmlər namizədi alimlik dərəcəsi və dosent elmi adı verilməsi haqqında vəsatətlərə, xarici ölkələrdə alınmış elmlər namizədi diplomunun və dosent attestatının nostrifikasiyası və xarici ölkələrdə elmlər namizədi alimlik dərəcəsi və dosent elmi adı almış şəxslərin təkrar attestasiyası məsələlərinə “Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq baxır və müvafiq qərarlar qəbul edir;

14.4. dissertasiyaların müdafiəsinin təşkili haqqında təqdimatlara müəyyən olunmuş qaydada baxır və müvafiq qərarlar qəbul edir;

14.5. alimlik dərəcələrinin və elmi adların verilməsi sahəsində şikayətlərə baxır və müvafiq qərarlar qəbul edir.”.

1.21. 16-cı bəndin birinci cümləsində “iki illik” sözləri “iki ilə qədər” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 89) ilə təsdiq olunmuş “Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. 2-ci bənddə “Elmlər namizədi və elmlər doktoru alimlik dərəcələri” sözləri “Elmlər namizədi alimlik dərəcəsi ali təhsili və ya magistr dərəcəsi, elmlər doktoru alimlik dərəcəsi isə elmlər namizədi alimlik dərəcəsi olan iddiaçılara” sözləri ilə, “ixtisaslaşdırılmış dissertasiya şuralarının (bundan sonra - dissertasiya şuraları)” sözləri “dissertasiya şuralarının” sözləri ilə əvəz edilsin, bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Dövlət sirrinə aid olan məlumatları daşıyan dissertasiyalara baxılması zamanı bu Əsasnamənin tətbiq edilməsi qaydaları Komissiya tərəfindən müəyyən edilir.”.

2.2. 5-ci bənddə:

2.2.1. ikinci abzasın birinci cümləsində “dövlət elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrində (birliklərdə, təşkilatlarda) və ali məktəblərində” sözləri “elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdə (birliklərdə, təşkilatlarda) və ali məktəblərdə” sözləri ilə əvəz edilsin;

2.2.2. dördüncü abzasda “üç ildir” sözləri “iki ilə qədərdir” sözləri ilə əvəz edilsin;

2.2.3. beşinci abzasda “qəbul edirlər” sözlərindən sonra “və onların müdafiəsini keçirirlər” sözləri əlavə edilsin.

2.3. 7.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 7.4-cü bənd əlavə edilsin:

“7.4. iddiaçı namizədlik dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri doktorluq dissertasiyasının müdafiəsinə çıxara bilməz.”.

2.4. 9-cu bənddə:

2.4.1. birinci abzasda “ixtisas fənnindən” sözlərindən sonra “(dissertasiya iki ixtisas üzrə hazırlandığı hallarda həmin ixtisas fənlərinin hər birindən)” sözləri əlavə edilsin;

2.4.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Elmlər namizədi və ya elmlər doktoru alimlik dərəcəsi iddiaçılarının hazırladıqları dissertasiyanın profili üzrə elm sahəsində ali təhsilləri olmadıqda, onlar həmin elm sahəsinin ümumelmi əsaslarından əlavə namizədlik imtahanı verməlidirlər.”;

2.4.3. ikinci abzasa aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Pedaqoji elmlər namizədi alimlik dərəcəsi iddiaçılarının ali məktəbdə aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır.”.

2.4.4. bəndə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“Dissertasiyanın müdafiəsi üçün birdəfəlik dissertasiya şurasının yaradılması nəzərdə tutulduğu hallarda ixtisas imtahanının veriləcəyi təşkilatı Komissiya müəyyən edir.”.

2.5. 12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“12. Dissertasiyaların mövzuları, bir qayda olaraq, müvafiq elm sahələri üzrə kadr hazırlamaq səlahiyyətinə malik (aspiranturası və doktoranturası olan) elmi müəssisələrin və ali məktəblərin əsas elmi tədqiqat işlərinin istiqamətlərinə, habelə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının müəyyən etdiyi istiqamətlərə uyğun olmalı, həmin müəssisələrin və ali məktəblərin fakültələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda təsdiq olunmalıdır.

Mövzuların təsdiqi ilə eyni zamanda iddiaçının elmi rəhbəri (namizədlik dissertasiyası üzrə) və ya elmi məsləhətçinin təyin olunması barədə istəyinə uyğun olaraq elmi məsləhətçisi (doktorluq dissertasiyası üzrə) təyin olunur.

Dissertasiya üzrə tədqiqat işlərinin iki müxtəlif təşkilatda və ya iki ixtisas üzrə aparılması planlaşdırıldıqda, elmlər doktoru, yaxud elmlər namizədi alimlik dərəcəsinə malik iki rəhbər təyin edilə bilər.”.

2.6. 13-cü bəndin birinci-üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi-praktiki) elmi nəşrlərində dərc olunmalıdır.

Azərbaycan Respublikasının müvafiq elmi nəşrlərinin siyahısı Komissiya tərəfindən müəyyən edilir.

Xarici ölkələrin nüfuzlu elmi nəşrlərində xarici dildə dərc edilmiş dissertasiyanın əsas elmi nəticələrinin Azərbaycan dilində qısa xülasəsi Komissiyaya təqdim edilməlidir.”.

2.7. 14-cü bənddə:

2.7.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İddiaçıların namizədlik dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, doktorluq dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir.”;

2.7.2. ikinci abzasda “dərc olunmuş işlərə” sözlərindən sonra “, əlavə olaraq” sözləri əlavə edilsin.

2.8. 15-ci bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Plagiatlıq faktı təsdiq edilmiş işdə aşkarlandıqda, alimlik dərəcəsinin verilməsi haqqında qərar rəyasət heyəti tərəfindən ləğv edilə bilər.”.

2.9. 16-cı bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Həmin təşkilat dissertasiya haqqında əsaslandırılmış rəy verməkdən imtina etdikdə, iddiaçının dissertasiyanın müdafiəsinin sonrakı prosedurunu müəyyən etmək məqsədilə Komissiyaya müraciət etmək hüququ vardır.”.

2.10. 17-ci bəndin ikinci abzasının üçüncü cümləsində “13-cü və 14-cü” sözləri “7-ci və 8-ci” sözləri ilə, beşinci cümləsində “bir ay təşkil edir” sözləri “üç aydan çox olmamalıdır” sözləri ilə əvəz edilsin.

2.11. 20-ci bənddə:

2.11.1. birinci abzasa aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin, ikinci və üçüncü cümlələr müvafiq olaraq dördüncü və beşinci cümlələr hesab edilsin:

“Humanitar elmlər sahəsində avtoreferatın həcmi 30 faiz çox ola bilər. Avtoreferatın tərtibinə dair tələblər Komissiya tərəfindən müəyyən olunur.”;

2.11.2. bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Avtoreferat başqa dildə yazıldıqda onun Azərbaycan dilində nüsxəsi də hazırlanmalıdır. Azərbaycan dilində yazıldıqda isə onun rus dilində, həmçinin ingilis, fransız və ya alman dillərindən birində xülasəsi verilməlidir.”.

2.12. 21-ci bənddə “mövcud olduğu” sözləri “fəaliyyət göstərdiyi” sözləri ilə əvəz edilsin.

2.13. 22-ci bəndin birinci abzasının birinci cümləsində “opponentlər” sözləri “rəsmi opponentlər (bundan sonra - opponentlər)” sözləri ilə əvəz edilsin.

2.14. 23-cü bənddə:

2.14.1. birinci abzasda “müəssisələrin rəhbərləri” sözlərindən sonra “, aparıcı təşkilat təyin olunmuş müəssisənin əməkdaşları, bu Əsasnamədə müəyyən olunmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

2.14.2. bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin, ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin:

“Rəyasət heyətinin üzvləri, Komissiya aparatının əməkdaşları, ekspert şuralarının rəhbərləri və üzvləri yalnız Komissiyanın razılığı ilə opponent təyin oluna bilərlər.”.

2.15. 24-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Opponentlərin yazılı rəyləri müdafiə gününə azı on gün qalmış dissertasiya şurasına, rəylərin surəti isə həmin müddətdə iddiaçıya təqdim edilməlidir.”.

2.16. 25-ci bənddə:

2.16.1. birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Aparıcı təşkilatların siyahısı Komissiya tərəfindən müəyyən edilir.”;

2.16.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“Aparıcı təşkilatın yazılı rəyi və həmin rəyin qəbul olunduğu iclasın protokolu müdafiə gününə azı on gün qalmış dissertasiya şurasına, rəyin surəti isə həmin müddətdə iddiaçıya təqdim edilməlidir.”.

2.17. 28-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Dissertasiyaya dair bu Əsasnamənin 24-cü və 25-ci bəndlərinə uyğun olaraq verilmiş rəylər mənfi xarakter daşıdıqda da, dissertasiyanın müdafiəsi keçirilə bilər.”.

2.18. 29-cu bəndin ikinci abzasının ikinci və üçüncü cümlələri çıxarılsın.

2.19. 32-ci bəndin birinci abzasında “iki nüsxəsini” sözləri “bir nüsxəsini və onun elektron surətini” sözləri ilə əvəz edilsin, üçüncü abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin qaydaya uyğun tərtib olunmayan attestasiya işləri Komissiyada baxılmağa qəbul edilmir.”.

2.20. 37-ci bəndin ikinci abzasında “Komissiyanın kollegiyasının” sözləri “Komissiyanın Rəyasət heyətinin, kollegiyasının və ya rəhbərinin” sözləri ilə, üçüncü abzasında “bir il” sözləri “dörd ay” sözləri ilə əvəz edilsin.

2.21. 38-ci bənddə:

2.21.1. ikinci abzasın birinci cümləsində “Komissiyanın” sözündən sonra “rəyasət heyəti və ya” sözləri əlavə edilsin;

2.21.2. bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Alimlik dərəcələri iddiaçılarının attestasiya işlərinə baxılma müddətinə müvafiq ilin iyul və avqust ayları daxil deyildir.”.

2.22. 40-cı bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Stenoqram müdafiənin keçirildiyi dili olduğu kimi əks etdirməlidir.”.

2.23. 41-ci bənddə:

2.23.1. ikinci abzasda “elmi işləri olan” sözlərindən sonra “dosent elmi adı almış” sözləri əlavə edilsin;

2.23.2. bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“müsabiqə və ya təyinat yolu ilə ali məktəbdə kafedra müdiri, professor, dekan, rektor, prorektor (tədris və ya elmi işlər üzrə) vəzifələrindən birini tutan, həmin vəzifədə iki il müvəffəqiyyətlə işləyən, ali məktəbdə pedaqoji iş stajı otuz beş ildən az olmayan, ali məktəblər və ya ixtisasartırma müəssisələri üçün nəzərdə tutulmuş bir dərsliyin və ya həmmüəllifliklə yazılmış üç dərsliyin (dərs vəsaitinin) və son on il ərzində dərc olunmuş elmi və elmi-metodiki işlərin müəllifi olan, elmi rəhbər kimi beş elmlər namizədi hazırlamış, dosent elmi adı olan elmlər namizədlərinə;”;

2.23.3. dördüncü abzas beşinci abzas hesab edilsin və həmin abzasda “dosent elmi adı almış” sözlərindən sonra “elmlər namizədi olan” sözləri, “əməkdar memarlara” sözlərindən sonra “, əməkdar müəllimlərə və əməkdar mədəniyyət işçilərinə” sözləri əlavə edilsin;

2.23.4. bəndə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“müsabiqə və ya təyinat üzrə ali məktəbdə kafedra müdiri və ya professor vəzifəsini tutan, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, ali məktəbdə incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan, dosent elmi adı almış, respublika və beynəlxalq müsabiqələrin laureatları olan və ya onları hazırlayan incəsənət işçilərinə;”;

2.23.5. altıncı abzas yeddinci abzas hesab edilsin və həmin abzasda “dosent elmi adı almış” sözlərindən sonra “elmlər namizədi olan” sözləri əlavə edilsin;

2.23.6. bəndə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“kafedra rəisi təyin edilmiş və ya professor vəzifəsinə seçilmiş və ya təyin edilmiş, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, respublika silahlı qüvvələrində və zabit kadrlarının hazırlanmasında xüsusi xidmətləri olan, ali məktəbdə hərbi ixtisas fənlərini on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan və dosent elmi adı almış hərbi işçilərə;”;

2.23.7. səkkizinci abzas doqquzuncu abzas hesab edilsin və həmin abzasda “tədris edən” sözlərindən sonra “, elmlər namizədi alimlik dərəcəsi” sözləri əlavə edilsin;

2.23.8. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

“müsabiqə və ya təyinat üzrə ali məktəbdə kafedra müdiri və ya professor vəzifəsini tutan, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, ali məktəbdə bədən tərbiyəsi və idman ixtisası fənlərini on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan, respublika və beynəlxalq yarışların çempionları olmuş və ya hazırlamış və dosent elmi adı almış əməkdar məşqçilərə, əməkdar idman ustalarına, əməkdar bədən tərbiyəsi və idman işçilərinə.”.

2.24. 42-ci bəndin ikinci abzasında “beş mütəxəssis” sözləri “təkbaşına dörd mütəxəssis” sözləri ilə əvəz edilsin.

2.25. 43-cü bəndin dördüncü abzasında “laureatlarına və qaliblərinə” sözləri “laureatları və qalibləri olmuş, yaxud hazırlamış şəxslərə” sözləri ilə əvəz edilsin.

2.26. 44-cü bəndə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Əvvəllər verilmiş baş elmi işçi elmi adı ixtisas üzrə dosent elmi adına bərabər tutulur.”.

2.27. 45-ci bənddə:

2.27.1. ikinci cümlədə “elmlər namizədi alimlik dərəcəsi aldıqdan” sözlərindən sonra “, xaricdə alimlik dərəcəsi almış şəxslərin diplomları müvafiq qaydada tanındığı və ya bərabər tutulduğu tarixdən” sözləri, “elmlər doktoru alimlik dərəcəsi aldıqdan” sözlərindən sonra “, xaricdə elmlər doktoru alimlik dərəcəsi almış şəxslərin diplomları müvafiq qaydada tanındığı və ya bərabər tutulduğu tarixdən” sözləri, “dörd il sonra” sözlərindən sonra “, bu Əsasnamənin müvafiq olaraq 41-ci və 43-cü bəndlərinin tələbləri ödənildiyi halda,” sözləri əlavə edilsin;

2.27.2. bəndə aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

“İxtisas üzrə dosent elmi adı verilməsi üçün elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrin (birliklərin, təşkilatların), ali məktəblərin elmi (elmi-texniki) şuraları şəxs alimlik dərəcəsi aldıqdan iki il sonra, bu Əsasnamənin 44-cü bəndinin tələbləri ödənildiyi halda, vəsatət qaldıra bilərlər.”.

2.28. 48-ci bənddə:

2.28.1. “iki” sözü “üç” sözü ilə, “üç aydır” sözləri “dörd aydır” sözləri ilə əvəz edilsin;

2.28.2. bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Elmi adların verilməsi haqqında vəsatətlərə baxılma müddətinə müvafiq ilin iyul və avqust ayları daxil deyildir.”.

2.29. 49-cu bəndin birinci cümləsində “keçirilir” sözündən əvvəl “həyata” sözü əlavə edilsin.

2.30. 50-ci bənddə “təkrar attestasiyası” sözlərindən əvvəl “xarici dövlətlərdə alimlik dərəcəsi və (və ya) elmi ad almış şəxslərin” sözləri əlavə edilsin.

2.31. 51-ci bənd aşağıdakı redaksiyada verilsin:

“51. Dissertasiya şuralarının və elmi şuraların müvafiq olaraq alimlik dərəcələri və elmi adların verilməsi haqqında vəsatətləri əsasında Komissiyanın qəbul etdiyi qərarlar, o cümlədən nostrifikasiya və təkrar attestasiyaya dair qərarlar qəbul edildiyi gündən qüvvəyə minir.”.

2.32. 54-cü bənd aşağıdakı redaksiyada verilsin:

“54. Alimlik dərəcəsi və elmi ad verilmiş şəxslər alimlik dərəcəsindən və (və ya) elmi addan aşağıdakı hallarda məhrum edilə bilərlər:

attestasiya işindəki sənədlərin saxtalaşdırılması aşkar olunduqda (alimlik dərəcəsi və elmi ad iddiaçısı, habelə attestasiya işini tərtib edən şəxs tərəfindən təhsil, namizədlik imtahanları, dərc olunan əsərlər haqqında və elmi və elmi-pedaqoji işlərin attestasiyası məsələlərinin həll olunmasında ciddi əhəmiyyətə malik həqiqətə uyğun olmayan başqa məlumatlar verildikdə);

dissertasiya işində digər şəxsin (şəxslərin) müəlliflik hüququnun pozulması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

alimlik dərəcəsi və elmi ad verilmiş şəxslərin pedaqoji fəaliyyəti ilə bir araya sığmayan əməlləri qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiqləndikdə;

alimlik dərəcəsinin və ya elmi adın şəxsə bu Əsasnamənin tələbləri pozulmaqla verildiyi digər hallar müəyyən edildikdə.

Alimlik dərəcəsi və elmi ad verilmiş şəxslərin alimlik dərəcəsindən və ya elmi addan məhrum edilməsi müvafiq alimlik dərəcəsinin və ya elmi adın verilməsi təşəbbüsü ilə çıxış etmiş dissertasiya şuralarının və elmi şuraların vəsatəti, həmin şuralar ləğv edildiyi halda Komissiyanın öz təşəbbüsü əsasında həyata keçirilir. Alimlik dərəcəsindən və ya elmi addan məhrum edilmiş şəxs həmin dissertasiya şuralarına və elmi şuralara, onlar ləğv edildiyi halda Komissiyaya alimlik dərəcəsinin və ya elmi adının bərpa edilməsi barədə müraciət edə bilər.”.

2.33. 55-ci bəndin birinci abzasının birinci cümləsində “məsələ” sözündən sonra “, bir qayda olaraq” sözləri əlavə edilsin.

2.34. 58-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Komissiyanın rəyasət heyətinin dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir.”.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin