Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2004-CÜ İL 1 İYUL TARİXLİ 298 NÖMRƏLİ SƏRƏNCAMI İLƏ TƏSDİQ EDİLMİŞ “QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN YAŞAYIŞ ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASI VƏ MƏŞĞULLUĞUNUN ARTIRILMASI ÜZRƏ DÖVLƏT PROQRAMI”NA ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş işlər uğurla icra edilir.

Ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün 47 qəsəbə salınmışdır. Həmin qəsəbələrdə 100-dən artıq məktəb, onlarca xəstəxana, mədəniyyət ocaqları tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Yeni salınmış qəsəbələrdə 70 min nəfər qaçqın və məcburi köçkün soydaşımız məskunlaşmışdır.

Son dörd il ərzində 12 çadır düşərgəsindən 9-u artıq ləğv edilmişdir. Proqrama əsasən, qalan 3 çadır düşərgəsində və dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 19 min insan cari ilin sonunadək yeni tikiləcək qəsəbələrə köçürüləcək və bununla da Azərbaycanda çadır düşərgəsi qalmayacaqdır.

Eyni zamanda, məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və başqa problemlərlə üzləşirlər.

Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həll olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Sərəncamla nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə bağlı tələb olunan vəsaitin növbəti illərin büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş əlavələrin icra edilməsi ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin