Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ “QİYMƏTLİ METALLAR VƏ QİYMƏTLİ DAŞLARLA ƏMƏLİYYATLAR APARAN HÜQUQİ ŞƏXSLƏRİN, HƏRBİ HİSSƏLƏRİN, HƏRBİ QURUMLARIN VƏ SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ HÜQUQİ ŞƏXS YARATMADAN MƏŞĞUL OLAN FİZİKİ ŞƏXSLƏRİN UÇOTUNUN APARILMASI QAYDALARI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 19 MART TARİXLİ 556 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 349; 2006-cı il, №7, maddə 587; 2007-ci il, №12, maddə 1226) 2-ci bəndinin ikinci abzasında “13-cü maddəsinin ikinci və üçüncü hissələrində” sözləri “13-cü maddəsinin ikinci və dördüncü hissələrində” sözləri ilə əvəz edilsin, həmin bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”.

2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 666; 2001-ci il, №7, maddə 459; 2003-cü il, №10, maddələr 546, 571; 2004-cü il, №8, maddə 617, №12, maddə 1005; 2006-cı il, №9, maddə 743) 2-ci bəndinin dördüncü abzasında “16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin və həmin bəndə aşağıdakı məzmunda iyirmi yeddinci abzas əlavə edilsin:

“həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 719) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.7-ci bəndində “qeydiyyatını aparmaq” sözləri “uçotunu aparmaq” sözləri ilə əvəz edilsin.

4. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №11, maddə 1011) 1.4-cü və 1.54-cü bəndləri çıxarılsın.

5. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №11, maddə 1012; 2008-ci il, №3, maddə 165) 1.4-cü və 2.5-ci bəndləri çıxarılsın.

6. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №3, maddə 168) 2-ci bəndinə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin üçüncü hissəsinin yeddinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.”.

7. “Qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərin, hərbi hissələrin, hərbi qurumların və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 556 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 235) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin