Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANİ

“Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

- qüvvədə olan qanunvericilik aktlarının “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- sığorta müqaviləsinin formasını hazırlayıb təsdiq etsin;

- “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin;

2. Müəyyən edilsin ki:

- “Sərnişinlərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.2.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

- həmin Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

- həmin Qanunun 12.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti

orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

04 avgust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin