Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

- "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

- həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və digər əlaqədar mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

- həmin Qanunun 15-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini: torpaqların təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasına, konservasiya edilməsinə dair münasibətlərdə - yerli icra hakimiyyəti orqanları, torpaqların münbitliyinin bərpası və artırılmasına dair kompleks tədbirlər üzrə münasibətlərdə - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

- həmin Qanunun 17-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il " 23 " oktyabr tarixli 979 nömrəli

Fərmanı ilə təsdiq edilmişdir

Torpaqların münbitliyinin təmin olunmasına

dövlət nəzarətinin həyata keçirilməsi

QAYDALARI

1. Bu Qaydalar Azərbaycan Respublikasında torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin (bundan sonra - dövlət nəzarəti) həyata keçirilməsini tənzimləyir.

2. Dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların qorunub saxlanmasını, habelə onların keyfiyyətinin yaxşılaşdırılması, münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş norma tələblərinə əməl olunmasını təmin etməkdir.

3. Dövlət nəzarəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, torpaq münbitliyi sahəsində beynəlxalq hüquq normalarına, digər normativ-hüquqi aktlara və bu Qaydalara uyğun aparılır.

4. Dövlət nəzarətini qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

5. Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində aşağıdakı tədbirləri həyata keçirirlər:

- torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaqların münbitliyinin bərpası və mühafizəsi sahəsində səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə, eləcə də torpaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu, rekreasiya əhəmiyyətli meşə zolaqları və massivlərinin salınması tədbirləri;

- torpağın münbitliyinə ziyan vuran, ətraf mühitin tənəzzülə uğramasına səbəb olan texniki üsulların tətbiqinin, aqrokimyəvi maddələrin və pestisidlərin işlədilməsinin qarşısını alan tədbirlər;

- torpaq sahələrinin zərərli və antropogen təsirlərdən, texnogen (sənaye və neft tullantıları ilə çirklənmə), eləcə də müxtəlif mənşəli radioaktiv və kimyəvi elementlərlə çirklənməsi və tənəzzülə uğraması hallarından qorunması tədbirləri.

6. Dövlət nəzarətini həyata keçirən orqan aşağıdakı hüquqlara malikdir:

- torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində müəyyən olunmuş standartlar, normalar, qaydalar, reqlamentlər və digər normativ hüquqi aktlar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən pozulduqda onların təsərrüfat və başqa fəaliyyət növlərinə məhdudiyyət qoymaq, müvafiq tələblərə riayət etmədən həyata keçirilən aqrotexniki, aqrokimyəvi, meliorativ və ətraf mühitə zərərli təsir göstərə bilən digər tədbirləri dayandırmaq, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qanunvericilikdə müəyyən olunmuş qaydada qadağan edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırmaq;

- torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərindən torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi məlumatlar almaq, onları təhlil etmək və müvafiq təkliflərlə aidiyyatı orqanlar qarşısında vəsatət qaldırmaq;

- kənd təsərrüfatına az yararlı, eləcə də şorlaşmış, şorakəntləşmiş, bataqlaşmış və texnogen çirklənməyə məruz qalmış torpaq sahələrinin ehtiyatını müəyyən etmək, onların münbitliyinin bərpasına, artırılmasına və eləcə də təsərrüfat dövriyyəsinə qaytarılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirmək;

- münbitlik xassələrinin yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

- torpağın münbitliyi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə qarşı iddia qaldırmaq.

7. Dövlət nəzarəti aylıq, rüblük və illik xüsusi iş planları əsasında aparılır. İş planlarında dövlət nəzarətinin məqsədi, vaxtı və aparılma müddəti göstərilir. İş planları dövlət nəzarətini həyata keçirən orqanın və onun yerli qurumlarının rəhbərləri tərəfindən təsdiq edilir.

Torpağın münbitliyinə dair dövlət orqanlarının, ayrı-ayrı təşkilatların, digər hüquqi və fiziki şəxslərin müraciətləri əsasında da yoxlamalar aparıla bilər.

Yoxlamaların nəticələrinə görə müvafiq protokol və akt tərtib edilir. Həmin sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama nəticəsində torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi üçün müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin