RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Elə həmin gecə Azərbaycan dövlətinin başçısı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Doğan Gürəşlə də görüşdü.
İyunun 10-da səhər Heydər Əliyev öz iqamətgahında İsveçin xarici işlər naziri Marqaret af Uqlası qəbul etdi.
Günortaya yaxın Azərbaycan Prezidenti Şimali Atlantika Əməkdaşlıq Şurası ölkələri xarici işlər nazirləri sessiyasının keçirildiyi “Çıraqan” hotelinə gələrək, burada ABŞ-ın dövlət katibi Uorren Kristofer ilə görüşdü. Görüşdə Türkiyənin xarici işlər naziri Hikmət Çətin iştirak edirdi.
Burada Heydər Əliyev Yunanıstanın xarici işlər naziri Karolos Papulias ilə də görüşdü.
Günortadan sonra İstanbuldakı “Şalə Yıldız” köşkündə Azərbaycan Prezidenti ilə Türkiyənin Baş naziri Tansu Çillər arasında danışıqlar oldu. Danışıqlarda Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini Murad Qarayalçın, Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə və Qabil Hüseynli iştirak edirdilər.
İyunun 10-da Heydər Əliyev Vətənə qayıdarkən İstanbuldakı Atatürk adına hava limanında Türkiyəyə qısamüddətli işgüzar səfərinin nəticələri barədə yerli və xarici jurnalistlərə məlumat verdi.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri