SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yanında müşavirə keçirilmişdir.
Müşavirədə ölkə iqtisadiyyatının inkişafı, islahatların aparılması və dövlət büdcəsinin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müşavirədə geniş nitq söyləmişdir.
Prezident Heydər Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsini təmin etmək üçün icra intizamının gücləndirilməsinin, rəhbər işçilərin məsuliyyətinin artırılmasının, kadrların düzgün yerləşdirilməsinin zəruriliyini vurğulamış və Nazirlər Kabinetinin, nazirliklərin qarşısında konkret vəzifələr qoyaraq müvafiq tapşırıqlar və göstərişlər vermişdir.
Müşavirədə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Dövlət müşaviri Vahid Axundov, Baş nazirin müavinləri, bir sıra nazirliklərin rəhbərləri və digər rəsmi şəxslər iştirak etmişlər.