Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ SOSİAL-İQTİSADİ İNKİŞAFI İLƏ ƏLAQƏDAR YERLİ ƏHƏMİYYƏTLİAVTOMOBİL YOLLARININ TİKİNTİSİ VƏ TƏMİRİ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpa edilməsi, yeniləşdirilməsi və inkişaf etdirilməsi bu tədbirlərin vacib tərkib hissəsidir.

Ölkənin avtomobil yolları və yol infrastrukturu ilə bağlı məsələlərin həll edilməsinə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ciddi təkan vermişdir. Respublikanın dövlət əhəmiyyətli magistral avtomobil yollarının tikintisi və əsaslı təmiri istiqamətində aparılan genişmiqyaslı işlər Proqramın icra edilməsinin konkret nəticəsidir.

Bununla belə, yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının vəziyyəti dinamik sosial-iqtisadi inkişafı və əhalinin tələbatını tam ödəmir. Yaranmış vəziyyəti şərtləndirən səbəblərdən biri kimi yol təsərrüfatının yol texnikası ilə və digər əmlakla təchizatının lazımi səviyyədə olmamasıdır.

Yerli əhəmiyyətli və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və istifadəsi istiqamətində işlərin daha da sürətləndirilməsini və səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. yerli əhəmiyyətli (rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yolları) və yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və yenidən qurulması işlərinin təmin edilməsi məqsədi ilə zəruri olan obyektlərin və yol texnikasının 2005-ci ilin sonunadək müvafiq olaraq inşa edilməsi və alınması və şəhər və rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsi üçün 70 mlrd. manat vəsaitin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılmasını təmin etsin;

1.3. 2006-cı ildən başlayaraq hər il rayonlararası, şəhərdaxili, rayondaxili və kəndlərarası avtomobil yollarının yararlı vəziyyətə gətirilməsi ilə bağlı tələb olunan xərclərin Azərbaycan Respublikasının Dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin;

1.4. avtomobil yollarının istismarı üzrə xərc normativlərini (saxlanılması və təmiri üçün illik maliyyə normativlərini) bir ay müddətində müəyyənləşdirib təsdiq etsin;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Sərəncamın 1.2-ci bəndinə müvafiq olaraq inşa edilməsi və alınması zəruri olan obyektlərin və yol təsərrüfatı texnikasının siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin və razılaşdıraraq lazım olan işlərin görülməsini, habelə müvafiq obyektlərin və texnikanın şəhər və rayonlarda avtomobil yolları istismarı idarələrinə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin