SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN ƏHALİYƏ MÜRACİƏTİ
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Cənubi-Şərqi Asiya ölkələrinin əhalisi arasında mənşəyi məlum olmayan virusun dövr etməsi nəticəsində ağır kəskin respirator sindromu ilə xəstələnmə hallarının baş verməsi davam edir.
Hazırda dünyanın 21 ölkəsində 3169 nəfərdə xəstəlik hadisəsi qeydə alınmış, onlardan 144 nəfəri ölmüşdür. MDB ölkələrində, o cümlədən Azərbaycanda xəstəlik halları qeydə alınmamışdır.
İnfeksiya barədə ilkin məlumatlar alınan kimi respublika əhalisinin ağır kəskin respirator sindromu xəstəliyindən qorunmasının təmin edilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən dərhal məqsədyönlü profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Dövlət sərhəd-keçid məntəqələrində, hava və dəniz limanlarında, dəmir yol vağzalında sanitariya-karantın tədbirləri gücləndirilmişdir. Müvafiq xidmət sahələri işçiləri arasında çoxsaylı seminarlar keçirməklə, sanitariya maarifi işi gücləndirilmiş və bu işlər davam etdirilməkdədir.
Eyni zamanda, respublika əhalisini bu ağır xəstəliyə yoluxmadan qorumaq üçün Səhiyyə Nazirliyi vətəndaşlarımıza Cənubi-Şərqi Asiya ölkələrinə səfərlərdən çəkinmələrini təkidlə tövsiyə edir.