RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASI VƏ UKRAYNA ARASINDA 2009-CU İL APRELİN 9-DA BAKI ŞƏHƏRİNDƏ İMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Ukrayna arasında 2009-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. 24 mart 1997-ci il tarixdə Kiyev şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Protokol;

1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi;

1.3. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş;

1.4. Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş.

2. 2009-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009-2010-cu illər üçün məsləhətləşmələr Planı nəzərə alınsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. bu Sərəncamın 1.1-1.4-cü bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.

4.2. bu Sərəncamın 2-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin