SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 7-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri Vilayət Quliyev Almaniya Federativ Respublikasının Fövqəladə və səlahiyyyətli səfiri Klaus Qrevlixi onun ölkəmizə diplomatik missiyanın yeni başçısı təyin olunması ilə əlaqədar qəbul etmişdir.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik etmiş, Almaniya ilə Azərbaycan arasındakı əlaqələrin ənənəvi dostluq xarakteri daşıdığını, onların bu şəkildə inkişafının əməkdaşlığın gələcək perspektivlərinə inam yaratdığını vurğulamışdır. Vilayət Quliyev Almaniya xarici işlər nazirinin bu ilin may ayında Azərbaycana səfəri zamanı müzakirə edilmiş məsələlərin iki ölkə arasındakı əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Almaniyanın ATƏT-in Minsk qrupunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti, Avropa Şurasına daxil olmaq prosesində Azərbaycanın Almaniya tərəfindən dəstəklənməsi qarşılıqlı münasibətlərin mühüm məqamları kimi dəyərləndirilmişdir.
Səfir Klaus Qrevlix Azərbaycan tərəfinə öz minnətdarlığını bildirərək, ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etməsindən məmnunluq duyduğunu söyləmişdir. Azərbaycanın Avropa Şurasına daxil olmasını yüksək qiymətləndirən diplomat bu hadisəni Avropanın Azərbaycana inamı kimi dəyərləndirmişdir. İqtisadi sahədə geniş təcrübəsi olduğunu söyləyən səfir Almaniya ilə Azərbaycan arasında əlaqələrin bu istiqamətdə də genişlənməsində fəaliyyətini əsirgəməyəcəyini bildirmişdir.
Səfir öz etimadnaməsinin nüsxəsini Vilayət Quliyevə təqdim etmişdir.
Görüşdə bir sıra məsələlərlə də bağlı fikir mübadiləsi aparılmışdır.