RƏSMİ XRONİKA
AZƏRBAYCAN-RUSİYA ƏMƏKDAŞLIĞINDA YENİ MƏRHƏLƏ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASINA DÖVLƏT SƏFƏRİ HAVA LİMANINDA QARŞILANMA
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə yanvarın 24-də Moskvaya dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş Vnukovo-2 hava limanında dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanov səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Rusiyanın dövlət himnləri ifa olundu.
Respublikamızın Prezidenti Heydər Əliyev və Rusiya hökumətinin sədri Mixail Kasyanov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevi hava limanında Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Valeri Loşşinin, Viktor Kalyujnı, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev və digər dövlət və hökumət nümayəndələri qarşıladılar.
Respublikamızın Prezidenti Heydər Əliyevi qarşılamaq üçün hava limanına gəlmiş Rusiyanın dövlət və hökumət nümayəndələri dövlətimizin başçısına təqdim olundu. Rusiya hökumətinin sədri Mixail Kasyanov Prezident Heydər Əliyevi müşayiət edən Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdü.
Dövlətimizin başçısı Heydər Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Kremldə onun üçün ayrılmış dövlət iqamətgahına gəldi.