SİYASƏT
AZƏRBAYCAN SƏFİRİNİN SƏFƏRİMƏHSULDAR VƏ FAYDALI OLMUŞDUR
Səfir E.Araslı Şərq məntəqəsində “SAUDİ ARAMCO” neft şirkətinin prezidenti Abdulla Cumah və bu bölgənin Ticarət və Sənaye Palatasının sədr müavini Xalid Bavardi, habelə palatanın baş katibi İbrahim Al-Olayan ilə görüşmüşdür. Neft şirkətinin prezidenti ilə görüşdə iki ölkə arasında karbohidrogen ehtiyatlarının mənimsənilməsi sahəsində işçi qrupunun yaradılması məsələsi müzakirə olunmuşdur. Şirkətin prezidentinə bu il iyunun 1-4-də Bakıda keçiriləcək “Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2004” 11-ci Beynəlxalq sərgi-konfransında iştirak etmək üçün dəvətnamə verilmişdir.
Ticarət və Sənaye Palatasında görüş zamanı bir sıra sərmayə layihələri təqdim edilmiş və bu layihələrin Səudiyyə Ərəbistanı Krallığının şirkətləri arasında yayılması xahiş edilmişdir.
Bəhreyn Krallığında səfir E.Araslının bu ölkənin xarici işlər üzrə dövlət naziri Məhəmməd Abdul-Qaffar, əmək və sosial məsələlər naziri Məcid Al-Alavi, informasiya naziri Nabil Al-Hamer, Ticarət və Sənaye Palatasının baş katibi Abdul-Rəhim Nağı ilə görüşləri olmuşdur. Səfir “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Bəhreyn Krallığının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” layihəsini xarici işlər üzrə dövlət nazirinə təqdim etmişdir. Bəhreynin dövlət naziri iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokola böyük əhəmiyyət verdiyini bildirmiş, sənədə dair rəy və təkliflərini qısa müddətdə Azərbaycan tərəfinə bildirəcəyini əmin etmişdir.
Krallığın əmək və sosial məsələlər, informasiya nazirləri ilə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün faydalı söhbət aparılmışdır. Görüşdə əmək və miqrasiya məsələləri, Bəhreyndə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, respublikamızın sosial-iqtisadi həyatına dair reklam xarakterli məlumatların yayılması, turizm sahəsində əlaqələrin genişləndirilməsinə dair geniş müzakirələr keçirilmişdir.
Ölkələrimizin iş adamları arasında əlaqələrin genişləndirilməsi Ticarət və Sənaye Palatasının baş katibi ilə keçirilən görüşün əsas mövzusu olmuşdur. Palatanın baş katibi Fars körfəzi ölkələrinin növbəti ticarət-sənaye sərgisinin 2005-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsini təklif etmişdi.