AZƏRBAYCAN SƏFİRİ PARİSDƏ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
AzerTAg.az
Fevralın 20-də, Xocalı faciəsinin onuncu ildönümü ərəfəsində Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova Parisdəki xarici mətbuat mərkəzində Fransanın və bu ölkədə akkreditə olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun mətbuat attaşeləri üçün mətbuat konfransı keçirmişdir.
Mərkəzin baş katibi Kristian Abono mətbuat konfransını giriş sözü ilə açaraq, Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Azərbaycanın öz iqtisadi qüdrətini tədricən bərpa etməsi, Ermənistan tərəfindən ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünlə üzləşməsi, 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunması barədə qısa məlumat vermişdir.
Sonra səfir Eleonora Hüseynova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda dinc əhaliyə divan tutmasından söhbət açmış, faciə zamanı minlərlə köməksiz qoca, qadın və uşağın vəhşicəsinə qətlə yetirilməsi və itkin düşməsi faktını açıqlamış, dünya ictimaiyyətinin ermənilərin bu vəhşiliyinə göz yumduğunu xatırlatmışdır.
Səfir “dənizdən dənizə uzanan Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərin bəzi dövlətlərin yardımı və himayəsi nəticəsində torpaqlarımızın beşdə birini işğal etdiklərini, işğal olunmuş əraziləridə xalqımızın tarixi abidələrini dağıtdıqlarını, milli sərvətlərini talan etdiklərini, ekoloji tarazlığı pozduqlarını vurğulamışdır.
Azərbaycan diplomatı xatırlatmışdır ki, Ermənistan bir necə dəfə respublikamıza qarşı torpaq iddiası irəli sürmüşdür. 114 min kvadratkilometr sahəsi olan Azərbaycanın hazırda 86,4 min kvadratkilometr ərazisi qalmışdır. Ölkəmizin düşmənləri xalqın iradəsinə zidd olaraq, ərazimizin bir hissəsini xəyanətkar qonşumuza vermişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu söyləyən səfir Prezident Heydər Əliyevin bu sahədəki fəaliyyətini xüsusi vurğulamışdır.
Səfir Azərbaycanda hazırki iqtisadi və siyasi vəziyyətdən, respublika həyatının bütün sahələrində aparılan məqsədyönlü islahatlar və bunların müsbət nəticələrindən danışmışdır.
E. Hüseynova Xarici jurnalistlərin ölkəmizin iqtisadiyyatı, Xəzərin statusu, sahilyanı dövlətlərin bu məsələdə mövqeləri, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq terrorizm, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri barədə suallarına ətraflı cavablar vermişdir.
Mətbuat konfransının sonunda iştirakçılara Xocalı faciəsinin onuncu ildönümü ilə bağlı səfirliyin hazırladığı mətbuat bülleteni, habelə broşür və kitablar, Azərbaycanın xəritəsi paylanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Xəbərin mətnində orfoqrafik səhv var