SİYASƏT


AZƏRBAYCAN SƏFİRİ “STAR” TELEVİZİYASININ VƏ “YENİ MÜSAVAT” QƏZETİNİN QƏRƏZLİ UYDURMALARINI QƏTİYYƏTLƏ TƏKZİB EDİR

Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Məmməd Əliyev iyulun 24-də mətbuat konfransı keçirmişdir. Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş mətbuat konfransında AZƏRTAC, Anadolu Ajansı, Assoşieyted Press, Röyter informasiya agentliklərinin, “Hürriyyət”, “Milliyyət”, “Sabah”, “Cümhuriyyət”, “Türkiyə”, “Zaman”, “Star”, “Radikal”, “Yarın”, “Posta”, “Türkiş Deyli Nyus”, “Vətən”, “Axşam”, “Yeni Şəfəq” qəzetlərinin, “Nöqtə”, “Aydınlıq” jurnallarının, AzTV, TRT, ATV, CNN-Türk, Haber-Türk, Kanal D, Samanyolu TV, TGRT, Flash TV, Kanal-7, Kanal-8, Sky TV, Ulusal kanal, Star TV televiziya kanallarının müxbirləri iştirak etmişlər.

Səfir Məmməd Əliyev bəyanatla çıxış edərək demişdir: “Təqribən üç aydır ki, “Star yayım qrupu” Azərbaycandakı “Müsavat” partiyası ilə izahı mümkün olmayan əməkdaşlıq çərçivəsində Bakı-Ceyhanın memarı möhtərəm Prezidentimiz Heydər Əliyevə qarşı məqsədyönlü, nalayiq, böhtanlarla dolu bir qaralama kampaniyasına başlamışdır.

“Star” qəzetinin və televiziya kanalının Müsavat partiyasının “Yeni Müsavat” qəzeti ilə birgə nalayiq, əsassız və hüquqi baxımdan qəbuledilməz kampaniyası Azərbaycanda 15 oktyabr prezident seçkiləri yaxınlaşdıqca, artaraq davam etməkdədir.

Bu çirkin kampaniyanın arxasında hansı şəxslərin, hansı dairələrin dayandığını çox yaxşı bilirik.

Azərbaycanda 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ərəfəsində Türkiyənin “Star” qəzetinin və Star televiziya kanalının ölkəmizin daxili işlərinə qarışaraq, Müsavat partiyası lehinə mövqe tutması Azərbaycan xalqı arasında narahatlıq yaratmış, ölkələrimizin mükəmməl olan münasibətlərinə zərər verəcək səviyyəyə çatmışdır.

Məsələn, müəyyən bir zamandır ki, “Star” qəzetində hörmətli İrfan Sapmaz möhtərəm Prezidentimizi və ölkənin rəhbərliyini hədəfə alan çirkin və xəyali ssenariləri qələmə almaqdadır.

2003-cü il iyulun 22-də axşam saat 19.30-da Prezidentimiz möhtərəm Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasındakı müayinəsi ilə əlaqədar həqiqətlə əlaqəsi olmayan yalan, böhtan dolu bir xəbərlər yayımlanmışdır. “Star yayım qrupu”nun Ankaradakı müxbir məntəqəsinə istinadən verilən və möhtərəm Prezidentimizin müalicəsinə ayda 34 milyon dollar xərcləndiyi barədə gülməli və uydurma iddialar bir gün sonra Azərbaycanda adını çəkdiyimiz qəzetdə kəlməsinəcən verilmişdir. Burada iddia edildiyi kimi, Azərbaycanın möhtərəm Prezidentinin səkkiz xəstəliyi yoxdur. Bu, tamamilə yalan və əsassızdır. Möhtərəm Heydər Əliyevin yalnız ürəklə əlaqədar şikayəti vardır. Bu, həqiqətən həm Azərbaycan, həm Türkiyə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə məlumdur. Möhtərəm Prezidentimizin ürəyində ABŞ-da cərrahiyyə əməliyyatı keçirdiyi də sirr deyildir.

Digər tərəfdən, möhtərəm Prezidentimizin Türkiyə kimi qardaş bir ölkədə səhhətini müayinə etdirməsindən təbii daha nə ola bilər?

Həm də bu müalicə və müayinə starçıların iddialarının əksinə olaraq, Türkiyə və Azərbaycan arasındakı müqaviləyə görə hər hansı bir vəsait ödənilmədən aparılır. İddia edilən astronomik müalicə xərcləri tamamilə yalandır. Azərbaycan tərəfi yalnız möhtərəm Prezidentimizi qoruyan şəxslərin qonaq evi xərclərini ödəyir.

Həm bizdə, həm də Azərbaycan ictimaiyyətində formalaşmağa başlayan düşüncəyə görə, istər Star TV kanalının informasiya müdiri Can Ataklı, istərsə də “Star yayım qrupu”nun digər nümayəndəsi İrfan Sapmaz bilərəkdən jurnalistika əvəzinə təbliğat apararaq, iki qardaş ölkənin münasibətlərini pozmaq, bir çox ölkəni qısqandıracaq səviyyədəki əlaqələrimizə xələl gətirmək üçün əllərindən gələni edirlər. Son üç aydır ki, yalan və məqsədyönlü xəbər icad etməklə, Azərbaycanda xalq tərəfindən rəğbət görməyən, ciddi siyasi reytinqi olmayan bir partiyanın çörəyinə yağ sürtməklə, ədalətsiz bir siyasi rəqabət yaradırlar.

Bununla əlaqədar, sizlərin də hüzurunda “Star yayım qrupu”nun qəzet və televiziya kanallarını möhtərəm Prezidentimizə, Azərbaycan rəhbərliyinə qarşı bu çirkin kampaniyasına etiraz edir və Türkiyə Respublikasının qanunlarına görə müvafiq hüquqi işlərə başladığımızı türk ictimaiyyətinə bəyan edirik. Bu məsələni axıra qədər təqib edəcəyimizi bildirir, fürsətdən istifadə edərək, sizlərə hörmətimizi ifadə edirəm”.

Sonra səfir jurnalistlərin suallarına cavab verərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səhhətinin yaxşı olduğunu, müayinənin davam etdiyini bildirdi, həqiqi məlumatların mənbələri şübhəli olan “Star yayım qrupu”ndan deyil, birbaşa Prezidentimizin müayinəsinə rəhbərlik edən professor, tibb elmləri doktoru, admiral Ertan Dəmirtaşdan, Gülhanə Hərbi Tibb Akademiyasının məsul nümayəndələrindən, Azərbaycanın rəsmi şəxslərindən və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyindən alına biləcəyini nəzərə çarpdırdı.

Səfir dedi: Əvvəldə söylədiyim kimi, möhtərəm Prezidentimizin səhhəti normaldır, Gülhanə Tibb Akademiyası həkimlərinin nəzarətindədir. Admiral Ertan Dəmirtaşın rəhbərliyi ilə həkimlər Prezidentimizin müayinəsini aparırlar. Möhtərəm Prezidentimiz Azərbaycana qayıtmasına özü, hörmətli admiral Ertan Dəmirtaşla məsləhətləşərək, danışaraq qərar verəcəkdir. Bu məsələ cənab Prezidentin qərarından asılıdır. Hər zaman Vətənə qayıda bilər.

Türk jurnalistlərinin suallarına cavab verən səfir “Star yayım qrupu”na aid qəzetin və televiziya kanalının səviyyəsiz və məqsədyönlü fəaliyyətinə bir daha diqqəti cəlb edərək, bu möqeyin qərəzsiz, obyektiv jurnalistikaya yaraşmadığını vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.