MƏDƏNİYYƏT
AZƏRBAYCAN SƏNƏTÇİLƏRİ BEYNƏLXALQ TEATR KONFRANSINDA
Səfərdən yenicə qayıtmış əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə AZƏRTAC-ın müxbirinə demişdir ki, sənətçilərimiz həmin tədbirə tanınmış teatr rejissoru Dominik Dominyenin dəvəti ilə getmişdilər. Burada azərbaycanlılarla yanaşı Qafqazın digər xalqlarının nümayəndələri - gürcülər, acarlar, avarlar, çeçenlər də iştirak edirdilər.
Konfransda bizim də çıxışlarımız oldu. Müsahibimiz Azərbaycan teatrının keçmişi və bugünkü durumu ilə bağlı məruzə etdi, Dövlət Pantomim Teatrının fəaliyyətindən söz açdı. Kinorejissor Ayaz Salayev dünya teatrı və onun bir hissəsi olan milli teatrımızla bağlı fikirlərini söylədi. Aktrisa Mehriban Zəki isə konfrans iştirakçıları qarşısında solo proqramla çıxış etdi.
Beynəlxalq konfransda D.Dominyenin təsisçisi olduğu şirkət tərəfindən Üzeyir Hacıbəyovun fransız dilinə tərcümə olunmuş və kitab şəklində çap edilmiş “Leyli və Məcnun” və “Koroğlu” əsərlərinin təqdimat mərasimi keçirildi. Mərasimdə D.Dominye “Leyli və Məcnun” operasına Azərbaycan səhnəsində quruluş vermək arzusunda olduğunu açıqladı. Fransız rejissoru, eyni zamanda, Pantomim Teatrı ilə birgə layihə işləmək barədə də təkliflərini bildirdi.