REGİONLAR
AZƏRBAYCAN ŞƏRABI BEYNƏLXALQ MÜSABİQƏDƏ QIZIL MEDALA LAYİQ GÖRÜLMÜŞDÜR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Moskva şəhərində keçirilən Ümumrusiya Şərabçılıq, Pivə və Alkoqolsuz İçkilər Sənayesi Dövlət Müəssisəsində şərab və tünd içkilər üzrə XI beynəlxalq peşəkar müsabiqə başa çatmışdır.
Müsabiqəyə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya, Argentina və digər ölkələrdən üzüm, meyvə şərabları, tünd içki, şampan şərabı gətirilmişdi. Azərbaycan müsabiqədə ”Bakı şərab-1” ASC-nin, “Azəri-Frans” MMC-nin və “Tovuz-Baltiya” LTD şirkətinin istehsal etdiyi 4 növ şərab və konyak məhsulları ilə təmsil olunmuşdur.
Beynəlxalq səviyyəli ekspertlərin iştirak etdiyi müsabiqənin nəticələrinə görə, “Bakı şərab-1” ASC-nin istehsal etdiyi “Odlar yurdu” qırmızı kəmşirin şərabı qızıl medala, “Azəri-Frans” MMC-nin “Nizami” markalı konyakı gümüş medala, “Tovuz-Baltiya” LTD şirkətinin “Naiqin Ko” adlı heyva şərabı isə fəxri diploma layiq görülmüşdür.
Beynəlxalq Dequstasiya Komissiyasının eksperti, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevə fəxri diplom verilmişdir.