REGİONLAR
AZƏRBAYCAN ŞƏRABLARI BEYNƏLXALQ MÜSABİQƏDƏ YÜKSƏK QİYMƏT ALMIŞDIR
MÜKAFATLAR SAHİBLƏRİNƏ TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 5-də Kənd Təsərrüfatı Nazirliyində Ümumrusiya Elmi-Tədqiqat Şərabçılıq, Pivə və Alkoqolsuz İçkilər Sənayesi Dövlət Müəssisəsində (Moskva) şərab və tünd içkilər üzrə keçirilmiş XI Beynəlxalq Dequstasiya Müsabiqəsində qalib gəlmiş Azərbaycan şərablarının istehsalçılarına qızıl, gümüş medallar və diplomlar təqdim edilmişdir.
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov qeyd etmişdir ki, Prezident İlham Əliyevin aqrar sektora, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi diqqət və qayğı digər sahələrlə yanaşı, üzümçülük və şərabçılığın da inkişafına təkan vermişdir. Bu qayğı, habelə regionların sosial-iqtisadi inkişafına göstərilən xüsusi diqqət sayəsində ölkədə üzümlüklərin sahəsi 8,7 min hektara çatdırılmış, istehsal olunan şərabların keyfiyyəti yaxşılaşmışdır. Təsadüfi deyildir ki, son illər bu məhsullar dünya standartlarına cavab verməklə bərabər, müxtəlif beynəlxalq müsabiqələrdə də yüksək qiymət alır.
A.Aslanov məlumat vermişdir ki, Azərbaycandan beynəlxalq müsabiqəyə “Bakı-Şərab-1” ASC-nin istehsal etdiyi “Odlar yurdu” qırmızı kəmşirin şərabı, “Maestro” konyakı, “Azəri-Frans” MMC-nin istehsalı olan “Nizami” konyakı, “Tovuz-Baltiya” şirkətinin heyva şərabı təqdim olunmuşdu. Münsiflər heyətinin yekdil qərarı ilə “Odlar yurdu” şərabı qızıl, “Nizami” konyakı gümüş medallara, heyva şərabı isə fəxri diploma layiq görülmüşdür.
Medallar, fəxri diplom və nazirliyin fəxri fərmanı adları çəkilən müəssisələrin rəhbərlərinə təqdim edilmişdir.
Aslan Aslanov bundan sonra da Azərbaycan şərablarının beynəlxalq müsabiqələrdə layiqincə təmsil olunacağına əminliyini bildirmişdir.