İQTİSADİYYAT
AZƏRBAYCAN ŞİRKƏTLƏRİNİN MDB VƏ BALTİKYANI ÖLKƏLƏR BAZARINA ÇIXMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xəzər İşgüzar İnteqrasiya Klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirmişdir ki, tədbir Azərbaycan şirkətlərinin fəaliyyət coğrafiyasının genişləndirilməsinə, MDB və Baltikyanı ölkələrin bazarlarında öz yerini tutmasına yardım məqsədi ilə təşkil olunmuşdur. Azərbaycanın istehsalçı şirkətlərinin rəqabətə davamlı məhsullarının dünya bazarlarına, ilk növbədə, MDB məkanına çıxarılması iqtisadiyyatımızın və ölkəmizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə kömək edəcəkdir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əcnəbi şirkətlərlə işgüzar münasibətlərin hüquqi əsaslarının işlənib hazırlanmasının, bir sıra beynəlxalq ticarət təşkilatları ilə əməkdaşlıq edən respublikamızın Dünya Ticarət Təşkilatına daxil olmasının ölkə iqtisadiyyatı üçün vacibliyini vurğulamışdır. Azərbaycanda Sərmayələrin və İxracın Təşviqi Fondunun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Çingiz Əsədullayev parlamentdə Azərbaycanın istehsalçı şirkətlərinin xarici bazarlara çıxmasının qanuni əsaslarının hazırlanması ilə bağlı aparılan işlər barədə məlumat vermişdir.
Aparılan müzakirələrdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze, Rusiyanın, Ukraynanın, Qazaxıstanın ölkəmizdəki səfirliklərinin təmsilçiləri də iştirak etmişlər.