İDMAN
AZƏRBAYCAN TAEKVONDO FEDERASİYASININ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov, ATF-nin birinci vitse-prezidenti Füzuli Musayev və başqaları ölkəmizdə taekvondonun inkişafından, 2005-ci ildə qazanılmış uğurlardan danışaraq demişlər ki, ATF-nin prezidenti Kəmaləddin Heydərovun Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilməsi, habelə Avropa Taekvondo Federasiysıanın bu il təqvimə saldığı səkkiz “A” kateqoriyalı turnirlərdən birinin Bakıda keçiriləcəyi Azərbaycan idmanına verilən yüksək qiymətin təzahürüdür. Bildirilmişdir ki, taekvondoçularımız 2005-ci ildə rəsmi yarışlardan 21 medal, 4 hakimimiz isə beynəlxalq dərəcəli yarışları idarə etmək hüqüqu qazanmışlar.
Dövlət Gömrük Komitəsinin sədri, ATF-nin prezidenti Kəmaləddin Heydərov 2005-ci ildəki nailiyyətlərlə yanaşı, mövcud çatışmazlıqlardan da danışmışdır. O, Azərbaycanda bu idman növünə marağın böyük olduğunu, taekvondonun inkişafı üçün cari ildə rayonlarda yeni idman komplekslərinin tikintisinin nəzərdə tutulduğunu bildirmişdir.
Sonra dünya və Avropa çempionatlarında fərqlənmiş idmançılara, onların məşqçilərinə, federasiya işçilərinə və bir qrup mətbuat nümayəndəsinə müxtəlif fəxri diplomlar verilmişdir.