İDMAN
AZƏRBAYCAN TƏLƏBƏ FUTBOL FEDERASİYASININ TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR
Futbolun ali məktəb tələbələri arasında təbliği və inkişafı ilə əlaqədar yaradılan bu qurumun ilk iclasında 18 dövlət və özəl təhsil ocağının rektoru, AFFA-nın və Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri iştirak etmişlər. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, AFFA-nın prezidenti Ramiz Mirzəyev və baş katibi Fuad Əsədov çıxış edərək, xalqımızın ümummilli lideri dahi öndər Heydər Əliyevin ölkədə idmanın bütün növlərinin, xüsusən də futbolun inkişafına göstərdiyi diqqət və qayğıdan, onun bu uğurlu siyasətinin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən danışmışlar.
Sonra toplantı iştirakçıları Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) Nizamnaməsini qəbul etmişlər. Nizamnamə 7 fəsildən ibarətdir. Sənədə görə, ATFF-nin prezidenti 4 ildən bir seçiləcəkdir. Qurum öz işini Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2005-ci il 10 oktyabr tarixli Sərəncamı, eləcə də FİFA, UEFA və AFFA-nın prinsipləri əsasında quracaqdır.
Səsvermə yolu ilə Abel Məhərrəmov ATFF-nin prezidenti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov vitse-prezidentləri seçilmişər. İcraiyyə Komitəsinin tərkibi müəyyən edilmiş və Komitə iclasının hər üç aydan bir keçirilməsi qərara alınmışdır.
ATFF tələbələr arasında futbolun inkişafı, sağlam həyat tərzinin, yüksək mənəvi-əxlaqi mühitin təmin olunması məqsədi ilə, mütəmadi olaraq, yarışlar keçirməyi planlaşdırır.