Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞALI NƏTİCƏSİNDƏ DİDƏRGİN DÜŞMÜŞ, BƏRDƏ VƏ AĞCABƏDİ RAYONLARI ƏRAZİSİNDƏ ÇADIR DÜŞƏRGƏLƏRİNDƏ, ELƏCƏ DƏ BƏRDƏ RAYONU ƏRAZİSİNDƏ DƏMİR YOLU ÜZƏRİNDƏKİ YÜK VAQONLARINDA MÜVƏQQƏTİ YERLƏŞDİRİLMİŞ AĞDAM VƏ DİGƏR RAYONLARDAN OLAN MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL, MƏNZİL-MƏİŞƏT VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI VƏ MƏŞĞULLUĞUNUN TƏMİN EDİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan xalqının ümummilli lideri möhtərəm Heydər Əliyevin son on ildə ölkədə yaratdığı ictimai-siyasi sabitlik, həyata keçirdiyi islahatlar və məqsədyönlü inkişaf strategiyası nəticəsində iqtisadiyyatın davamlı artımı və əhalinin rifah halının yüksəldilməsi istiqamətində əhəmiyyətli dəyişikliklər əldə edilmişdir. İslahatları dərinləşdirmək yolu ilə qazanılan uğurları möhkəmləndirmək və ölkənin iqtisadi potensialını artırmaq, yeni iş yerlərinin yaradılmasını təmin etməklə yoxsulluğun səviyyəsini kəskin surətdə azaltmaq və xalqın güzəranını daha da yaxşılaşdırmaq yaxın gələcəkdə dövlətin qarşısında duran mühüm vəzifələrdir. Onların içərisində Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış vətəndaşların normal həyat tərzi üçün şərait ən ümdə vəzifədir.

Keçən illər ərzində qaçqınların və məcburi köçkünlərin problemləri daim dövlətin diqqət mərkəzində olmuş, onların sosial müdafiəsini təmin etmək üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği ildən-ilə artırılmış, Dövlət Neft Fondunun ilk vəsaiti məhz qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli 562 nömrəli, “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, “Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına əsasən, qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşması problemlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Dövlət Neft Fondundan ümumilikdə 359 milyard manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına beş çadır düşərgəsi ləğv edilərək, onlarda yaşayan minlərlə qaçqın və məcburi köçkün ailəsi üçün işğaldan azad olunmuş ərazilərdə və digər bölgələrdə yeni yaşayış qəsəbələri, o cümlədən 6076 mənzil tikilmiş, bu qəsəbələrdə 18 məktəb binası, 18 səhiyyə məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilmiş, yarımçıq qalmış 320 evin tikintisi başa çatdırılmış, kənd təsərrüfatı ilə məşğul olmaq üçün beş min məcburi köçkün ailəsi birdəfəlik əvəzsiz maliyyə yardımı ilə təmin edilmişdir.

Görülən işlərin nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşların bir hissəsinin vəziyyəti yaxşılaşsa da, hələ minlərlə ailə adi yaşayış normalarından məhrum halda çadırlarda və yük vaqonlarında olduqca ağır şəraitdə yaşamaqda davam edir. Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında yerləşdirilmiş Ağdam və digər rayonlardan olan 3860 məcburi köçkün ailəsinin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və yeni qəsəbələrdə məşğulluğun təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün həmin rayonun ərazisində, Kəlbəcər rayonundan olan 149 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun Aşağı və Yuxarı Ağcakənd qəsəbələrinin ərazisində, Laçın rayonundan olan 37 məcburi köçkün ailəsi üçün isə Ağcabədi rayonu ərazisindəki Laçın qış yataqlarında elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələr salınsın.

2. Məcburi köçkün ailələri üçün zəruri məişət infrastrukturu olan yeni qəsəbələrin layihələndirilməsi və onların salınması ilə bağlı işlərin idarə edilməsini Dövlət Komissiyası həyata keçirir. Sifarişçi təşkilatı Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

3. Bu Sərəncamın icrasını təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Dövlət Komissiyasının sədri

Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin sədri

Dövlət Komissiyasının üzvləri:

Fərhad Əliyev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Misir Mərdanov – Azərbaycan Respublikasının təhsil naziri

Əli İnsanov – Azərbaycan Respublikasının səhiyyə naziri

Əli Nağıyev - Azərbaycan Respublikasının əmək və əhalinin

sosial müdafiəsi naziri

İrşad Əliyev - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

səlahiyyətlərini icra edən

Samir Şərifov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun sədri

Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və

Xəritəçəkmə Komitəsi sədrinin səlahiyyətlərini

icra edən

Şair Həsənov - Azərbaycan Respublikasının Dövlət Tikinti

və Arxitektura Komitəsi sədrinin

səlahiyyətlərini icra edən

Həsən Sarıyev – Ağdam Rayon İcra Hakimiyyətinin başçısı

4. Müəyyən edilsin ki, Dövlət Komissiyası qüvvədə olan qanunvericiliyə uyğun olaraq, məcburi köçkün ailələri üçün zəruri məişət infrastrukturu olan yeni qəsəbələrin layihələndirilməsi və onların salınması ilə bağlı müsabiqənin qalibi ilə bağlanmış müqavilənin icra edilməsi üzərində nəzarət, görülmüş işlərin Azərbaycan Respublikasının dövlət satınalmaları üzrə qanunvericiliyinə uyğun olaraq, yaradılmış Dövlət Komissiyası tərəfindən qəbul edilməsi və yeni qəsəbələrin salınması ilə bağlı digər məsələləri həll edir.

5. Dövlət Komissiyası:

-təkliflərin qiymətləndirilməsi meyarlarını müəyyənləşdirərkən qəsəbələrin salınmasında mövcud olan təcrübənin nəzərə alınmasını, həmin qəsəbələrdə məskunlaşdırılacaq məcburi köçkünlərin inşaat işlərinə cəlb edilməsi və məskunlaşdırıldıqdan sonra iş yerləri ilə təmin edilməsi şərtlərini nəzərdə tutsun;

-tenderin (müsabiqənin) qanunvericiliyə uyğun olaraq təşkil edilməsi və yeni qəsəbələrin salınması ilə əlaqədar digər məsələlərin həyata keçirilməsi üçün lazım olan tədbirləri görsün, tenderin (müsabiqənin) nəticələri barədə hesabat və mütəmadi olaraq görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Ağdam rayon İcra Hakimiyyəti ilə birlikdə Dövlət Komissiyasının təqdimatına əsasən, qəsəbələrin salınması üçün torpaq sahəsinin, o cümlədən həyətyanı, əkin və otlaq üçün torpaq sahələrinin ayrılmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Bərdə, Ağcabədi rayonları ərazisində çadır düşərgələrində və Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş 3860 məcburi köçkün ailəsinin bu Sərəncamın icrası nəzərdə tutulmuş qəsəbələrdəki yaşayış evlərinə köçürülməsini təmin etsin. Bu tədbirlər həyata keçirildikdən sonra Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələri ləğv edilsin.

8. Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, Fondun 2004-cü il üçün təsdiq edilmiş büdcəsi çərçivəsində bu Sərəncamda nəzərdə tutulmuş qəsəbələrin layihələndirilməsi və salınması ilə bağlı tədbirlərin, o cümlədən tenderin (müsabiqənin) hazırlanması və keçirilməsi, məcburi köçkünlərin yeni yaşayış qəsəbələrinə köçürülməsi, onların kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və Qaydada birdəfəlik əvəzsiz maliyyə yardımının, sifarişçi təşkilatın müvafiq işçi qrupunun saxlanılması, müəllif nəzarəti, bank və digər xərclərin maliyyələşdirilməsini təmin etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin