MƏDƏNİYYƏT
AZƏRBAYCAN TURİZM İNSTİTUTUNUN BİRİNCİ KURSUNDA TƏHSİL ALAN GƏNCLƏRƏ TƏLƏBƏ BİLETLƏRİ TƏQDİM EDİLMİŞDİR
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) yeni dərs ilinin başlanması və institutun yeni inşa edilmiş beşinci mərtəbəsinin açılışı münasibətilə tədbir keçirilmişdir.
ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Bildirilmişdir ki, artıq beşinci ildir öz qapılarını tələbə və müəllim heyətinin üzünə açan ATİ qısa müddətdə bir sıra uğurlara imza atmış və ölkəmizdə ilk dəfə tələbələrə ikili diplom verilməsi sistemini tətbiq etmişdir. Bu il ilk dəfə olaraq institutumuzu bitirmiş 74 məzundan 14-ü məhz ikili diplom almışdır.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ATİ-nin birinci kurs tələbələrinə üzünü tutaraq demişdir: “Bu təhsil ocağının əsas prinsipi bilik və savaddır. İnanıram ki, bu prinsipə təhsil uğurlarınızla cavab verəcəksiniz”.
Nazir ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı iştirakçılara geniş məlumat vermiş və bu istiqamətdə aparılan işlərdən danışmışdır.
Turizm sahəsində peşəkar mütəxəssislərin ixtisaslaşdırılmasının vacibliyini vurğulayan Ə.Qarayev proqram çərçivəsində ATİ-də təhsil alan tələbələrin turizmin daha çox inkişaf etdiyi ölkələrdə təcrübə keçməsinin vacibliyini söyləmişdir.
Sonda nazir ATİ-yə yüksək balla daxil olan 16 tələbəyə tələbə biletlərini təqdim etmişdir.