ELM VƏ TƏHSİL
AZƏRBAYCAN-TÜRKİYƏ ÖZƏL LİTSEYLƏRİ ŞAGİRDLƏRİNİN BİLİK SƏRGİSİ
Səttar Bəhlulzadə adına sərgi salonunda Azərbaycan-Türkiyə özəl litseyləri şagirdlərinin bu tədris müəssisələrinin ölkəmizdə fəaliyyətinin on illiyinə həsr edilmiş bilik sərgisi açılmışdır. Sərgi Azərbaycan Təhsil Nazirliyi və Türkiyənin “Çağ öyrətim işlətməleri” şirkəti tərəfindən təşkil olunmuşdur. Açılış mərasimində Azərbaycanın təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları iştirak etmişlər.
“Çağ öyrətim işlətməleri” şirkətinin prezidenti Ənvər Özeren, Azərbaycan-Türkiyə Özəl Litseyləri Baş İdarəsinin rəisi Məsud Ata açılış mərasimində çıxış edərək bildirdilər ki, hazırda Azərbaycanın müxtəlif bölgələrində 10 litsey fəaliyyət göstərir. Bu, üçüncü respublika sərgisidir və iki mərhələdə keçirilmişdir. Sərgidən əsas məqsəd bu litseylərdə təhsil alan şagirdlərin bilik səviyyəsini və müxtəlif beynəlxalq olimpiadalarda qazandıqları nailiyyətləri nümayiş etdirməkdir.
Misir Mərdanov sərginin təşkilatçılarına minnətdarlığını bildirərək dedi ki, “Çağ öyrətim işlətməleri” şirkəti Azərbaycanda fəaliyyətinə on il bundan əvvəl Prezident Heydər Əliyevin xeyir-duası ilə başlamışdır və hazırda ölkəmizdə uğurla işləyir. Nazir şagirdlərin biliyinin, habelə litseylərin texniki təchizat səviyyəsinin yüksək olduğunu vurğulayaraq, türk biznesmenlərini Azərbaycanın bir sıra məktəblərinin müasir kompüter avadanlığı ilə komplektləşdirilməsini yaxşılaşdırmaqda kömək etməyə çağırdı.