AZƏRBAYCAN-UKRAYNA MÜNASİBƏTLƏRİ BUNDAN SONRA DA İNKİŞAF EDƏCƏKDİR
AzerTAg.az
Noyabrın 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan Ukraynanın Millətlər və Miqrasiya Məsələləri üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskalı qəbul etmişdir.
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasındakı dostluq əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz arasında münasibətlərin bu cür inkişafında ümummilli liderimiz Heydər Əliyev və Prezident Leonid Kuçmanın xüsusi əməyi olmuşdur. Azərbaycanın yeni Prezidenti İlham Əliyev də bu ənənəyə sadiq qalaraq əlaqələrimizin daha da inkişafına çalışacaqdır. Azərbaycan regionda həyata keçirdiyi iqtisadi layihələrə Ukraynanın da qoşulmasını istəyir və bu məsələnin artıq siyasi tərəfi həll olunmuşdur.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrə toxunmuş və deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığından razılığını bildirmiş, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin bu məsələdə ədalətli mövqeyi barədə ətraflı məlumat vermişdir. Milli Məclisin sədri Ukrayna dövlətinin başçısına, parlament və hökumətinə Azərbaycanın mövqeyini dəstəklədiklərinə, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Gennadi Moskal ölkələrimiz arasında mövcud əlaqələrin bugünkü səviyyəyə çatmasında Azərbaycanın böyük oğlu Heydər Əliyevin və Ukrayna dövlətinin başçısı Leonid Kuçmanın rolunu xüsusi qeyd etmişdir. O, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir. Ukraynada 134 millətin nümayəndəsinin yaşadığını vurğulayan qonaq, onlar üçün bərabər şəraitin yaradıldığını demişdir. Ukraynada yaşayan azərbaycanlıların 45 min nəfərinə isə artıq vətəndaşlıq statusu verilmişdir. Dünyanın 150 ölkəsində, eləcə də Azərbaycanda yaşayan ukraynalılar bu ölkələrin qanunlarına hörmətlə yanaşır, hər zaman həmin ölkələrin dövlətçilik maraqlarını qoruyurlar.
Gennadi Moskal Azərbaycandakı ukraynalılara yaradılan şəraitə görə öz ölkəsinin rəsmiləri adından Azərbaycan Prezidentinə, hökumətə və parlamentə minnətdarlığını bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Ukraynanın ölkəmizdəki səfiri Boris Aleksenko, Ukraynadkı Azərbaycan diasporunun başçısı Oqtay Əfəndiyev iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var