SİYASƏT
AZƏRBAYCAN ÜMİD QAYNAĞIMIZDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İğdırda səfərdə olan Azərbaycan jurnalistləri bələdiyyə başqanı Nurəddin Arasla görüşmüşlər.
Nurəddin Aras İğdırın coğrafi mövqeyi, əhalisi, iqtisadiyyatı barədə məlumat vermişdir. Bildirmişdir ki, vilayətin əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləridir. Bu səbəbdən Azərbaycana böyük ümid bəsləyirik. Bunu həmişə çəkinmədən söyləyirik. Azərbaycan Prezidenti təkcə Azərbaycanda yox, bütün dünyadakı azərbaycanlıların prezidentidir. Qürurla deyirəm ki, Azərbaycan ümid qaynağımızdır.
Nurəddin Aras vilayətin kəşməkəşli tarixindən burada törədilmiş erməni vəhşiliklərindən də söz açmışdır. Vilayətin müxtəlif kəndlərində bu qətliamların qurbanlarının xatirəsinə abidələr qoyulmuşdur. Başqan xüsusi vurğulamışdır ki, bu faciələri görmüş insanların nəvələri baş verənləri heç zaman unutmayacaqlar. Ona görə də Ermənistanla qapıların açılmasını tələb edənlər daim iğdırlıların müqaviməti ilə rastlaşacaqlar. Qapıların açılması üçün bizim öz şərtlərimiz vardır. Birincisi, ermənilər Azərbaycan torpaqlarının işğalına son qoymalıdırlar. İkincisi, ermənilər Türkiyəyə ərazi iddialarına son qoymalı, soyqırımı barədə sayıqlamalardan əl çəkməlidirlər. Bəziləri qapılar açılandan sonra Qarsın zənginləşəcəyini bildirirlər. Soruşan yoxdur ki, nəyin hesabına?! Məgər Ermənistanın heç bir şeyi olmadığını, iqtisadiyyatının tənəzzül keçirdiyini bilmirikmi? Qapıların açılması Ermənistana sərfəlidir və ermənilərin imkanlarını artıracaqdır.
Xatırladaq ki, İqdır Şamaxı ilə qardaşlaşmışdır.