İDMAN
AZƏRBAYCAN VƏ BELARUSUN QADIN HƏNDBOLÇULARI AVROPA ÇEMPİONATININ FİNALINDA ÇIXIŞ ETMƏK HÜQUQU UĞRUNDA İLK GÖRÜŞ KEÇİRMİŞLƏR
Həndbolçularımız iki görüşün yekunlarına görə belaruslara qalib gəlsələr, ilk dəfə olaraq, milli komandamız Avropa çempionatının final mərhələsinə çıxacaqdır. Bundan əvvəl belə uğura ötüstü xokkeyçilərimiz nail olmuşdular.
Avropa çempionatı dekabrın 9-19-da Macarıstanda keçiriləcək, final turnirinin püşkü isə iyunun 10-da atılacaqdır. Beş yığma komanda birincilikdə yarışmaq hüququnu artıq təmin etmişdir. Bunlar çempionatın təşkilatçıları macarlar, indiki qitə çempionu Danimarka, habelə Norveç, Fransa və Rusiya komandalarıdır.
Avropanın ən güclü komandalarından fərqli olaraq, yığmamız ilkin görüşlərdə oynamaq üçün qrup təsnifat mərhələsindən keçməli olmuşdur. Həndbolçu qızlarımız Bolqarıstan, İsveçrə və Yunanıstan komandaları ilə yarışda ikinci yer tutmuşlar.
Azərbaycan-Belarus görüşündən əvvəl hər iki ölkənin himnləri səsləndi.
Birinci hissədə çox gərgin mübarizə getdi. Belaruslar 22-ci dəqiqəyədək hesabda irəlidə idilər. Bundan sonra meydança sahibləri hesabı bərabərləşdirib (7:7), təşəbbüsü əldən vermədilər. Birinci hissə qızlarımızın xeyrinə qurtardı – 12:11.
Fasilədən sonra qonaqlar bütün xətlərdə daha yaxşı oynayaraq, görüşdə 4 top fərqi ilə qalib gəldilər – 25:21.
İndi qalib iyunun 5-də Minskdə keçiriləcək görüşün nəticəsinə əsasən müəyyən ediləcəkdir. Qızlarımız növbəti mərhələyə çıxmaq üçün meydança sahiblərini 5 top üstünlüklə məğlubiyyətə uğratmalıdırlar.