İQTİSADİYYAT


AZƏRBAYCAN VƏ ÇEXİYA HÖKUMƏTLƏRİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR

Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, noyabrın 24-də Çexiyanın paytaxtı Praqa şəhərində “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında“ Saziş imzalanmışdır. Sazişi Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Çexiya Respublikası Baş nazirinin müavini, maliyyə naziri Bohuslav Sobotka imzalamışlar.

İndiyədək Azərbaycan dünyanın 40-dan çox ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı ikitərəfli danışıqlar aparmışdır. Artıq bu günə 15 xarici dövlətlə Azərbaycan arasında həmin sazişlər qüvvəyə minib. Bunlar Böyük Britaniya, Norveç, Türkiyə, Avstriya, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Moldova, Özbəkistan və Almaniyadır (sonuncu ilə SSRİ dövründə imzalanan saziş qüvvədədir). Bu il Litva və Rumıniya dövlətləri ilə həmin sazişlərin tətbiqinə başlanmış, Polşa ilə isə oxşar saziş qüvvəyə minmiş və gələn ilin yanvarından tətbiq ediləcəkdir.

Belçika, İsveçrə, Pakistan, Fransa və Almaniya (yeni layihə) ilə bağlanacaq sazişlər artıq təsdiq edilmişdir və qüvvəyə minmə tarixlərinin razılaşdırılması gözlənilir.

Kanada, Çin, Finlandiya və Latviya ilə müvafiq sazişlər imzalansa da, hələ qüvvəyə minməmişdir. Daha 9 ölkə ilə (Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveçrə, İsveç, Niderland, Küveyt və Lüksemburq) saziş layihələri tam razılaşdırılmışdır və imzalanma mərhələsini gözləyir.

Hazırda Azərbaycan bu istiqamətdə daha 6 ölkə ilə danışıqları davam etdirir. Bu dövlətlərin sırasına Yunanıstan, Hindistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Oman daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.