AZƏRBAYCAN VƏ GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ YENİ MƏRHƏLƏYƏ YÜKSƏLMİŞDİR
AzerTAg.az
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev respublikamızda işgüzar səfərdə olan Gürcüstanın daxili işlər naziri Georgi Baramidze və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Azərbaycan və gürcü xalqlarının qədim dostluq tarixindən söhbət açmış və 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu dostluğun yeni vüsət aldığını, Azərbaycan və Gürcüstan dövlətlərinin strateji müttəfiqlərə çevrildiyini söyləmişdir.
Qəbul üçün minnətdarlıq edən G.Baramidze general-polkovnik S.Əbiyevin sözlərini təsdiqləmiş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin şəxsində bu münasibətlərin yeni mərhələyə yüksəldiyini söyləmişdir. O, Azərbaycanın ümummilli lideri Prezident Heydər Əliyevin bütün Qafqaz xalqları üçün etdiyi xeyirxah əməllərə görə Azərbaycan xalqına təşəkkür etmişdir.
Tərəflər Azərbaycan və Gürcüstan münasibətləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze iştirak etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var