RƏSMİ XRONİKA


AZƏRBAYCAN VƏ QAZAXISTAN PREZİDENTLƏRİNİN SƏMİMİ GÖRÜŞÜ

Azərbaycan Prezidenti Çinə rəsmi səfərdən Bakıya qayıdarkən yolüstü Qazaxıstanın paytaxtı Almatıda dayandı. Heydər Əliyev Qazaxıstanın Prezidenti Nursultan Nazarbayevlə görüşdü. Səmimilik və dostluq şəraitində keçən söhbət zamanı Heydər Əliyev Çinə səfərinin yekunları barədə söhbət açdı. Daha sonra ikitərəfli münasibətlərin müxtəlif məsələlərinə toxunuldu. Qeyd edildi ki, Azərbaycan-Qazaxıstan arasında iqtisadi sahədə əlaqələri möhkəmləndirmək üçün çox böyük imkanlar vardır. Konkret olaraq kənd təsərrüfatı və neft maşınqayırma sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanda neft maşınqayırma sənayesinin geniş bazası olduğunu nəzərə alaraq Qazaxıstandan metal göndərilməsi hesabına bu sahənin birgə inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.

Söhbətdə Qazaxıstandan Azərbaycana taxıl göndərilməsi barədə konkret razılıq əldə edildi. Qazaxıstanın respublikamıza emal üçün xam neft göndərilməsi məsələsi də nəzərdən keçirildi. Söhbətdə iki ölkə arasında gəmi-bərələr vasitəsilə əlaqələrin inkişaf etdirilməsi üçün konkret tədbirlər görməyin vacibliyinə də toxunuldu. Qazaxıstandan Azərbaycana çəkiləcək neft kəmərinin layihəsi barədə ətraflı fikir mübadiləsi aparıldı.

Heydər Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin qardaşlıq xarakteri daşıdığından, bunun ümumi köklərə və tarixi ənənələrə əsaslandığından razılıqla söz açaraq, əmin olduğunu bildirdi ki, bundan sonra əlaqələrimiz daha da inkişaf etdiriləcəkdir.

Dövlət başçıları bu görüşün yekunları barədə jurnalistlərin suallarına cavab verdilər.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin