İQTİSADİYYAT
AZƏRBAYCAN VƏ QIRĞIZISTAN GÖMRÜKÇÜLƏRİ ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI YARDIM HAQQINDA SAZİŞ İMZALAMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də “Cresccnt Bcac” otelində Gömrük Əməkdaşlıq Komitəsinin GƏK 3-cü iclası başa çatmışdır. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Respublikası Maliyyə Nazirliyi yanında Gəlirlər Komitəsi arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır. Sazişi Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və Qırğızıstan Respublikası Maliyyə Nazirliyi yanında Gəlirlər Komitəsinin sədri, maliyyə nazirinin müavini Zamirbek Malabekov imzalamışlar.
İmzalanma mərasimindən sonra Kəmaləddin Heydərov bu sazişdə hər iki ölkənin gömrük xidmətləri arasında məhsuldar əməkdaşlığın əsas cəhətlərinin əksini tapdığını bildirmişdir. O demişdir ki, bu sənəd ölkələrimizin gömrük xidmətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, gömrük qanunvericiliyinin səmərəli surətdə həyata keçirilməsinə gömrük hüquqpozmaları ilə mübarizə işinin gücləndirilməsinə, sərnişin və yük daşımalarının sürətləndirilməsinə imkan verəcəkdir.
Qırğızıstan nümayəndəsi Zamirbek Malabekov isə demişdir ki, 2001-ci ildən can atdığımız beynəlxalq hüquqi sənəd nəhayət imzalandı. Bizim əlaqələrimiz 1994-cü ildə MDB üzv ölkələrin hökumətləri tərəfindən imzalanmış “Gömrük işində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”ə söykənir və indiki saziş münasibətlərimizin daha da dərinləşməsinə səbəb olacaqdır.
Asiya İnkişaf Bankının təmsilçisi Cefri Liyanq, nümayəndə heyətlərinin rəhbərləri çıxışlarında bu tədbirdə qarşıya qoyulan məqsədə çatdıqlarını bildirmiş, GƏK adından bəyanatı qəbul etmişlər.
GƏK-in iclasına yekun vuran DGK-nın sədri Kəmaləddin Heydərov üzv ölkələr arasında fəal əməkdaşlığın əhəmiyyətini qeyd edərək demişdir ki, iclasda regional ticarət və gömrük əməkdaşlığına kömək məqsədi ilə qəbul edilmiş proqram qarşımıza qoyduğumuz bütün məsələlərin həllinə əhəmiyyətli təsir göstərəcək və bu da beynəlxalq və regional ticarətin bundan sonrakı inkişafı üçün stimul rolunu oynayacaqdır.
Növbəti iclasın 2005-ci ilin sentyabr ayında Monqolustanda keçirilməsi qərara alınmışdır.