ELM VƏ TƏHSİL
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ALİ MƏKTƏBLƏRİNİN RƏHBƏRLƏRİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə nümayəndə heyəti ölkəmizə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında təcrübə mübadiləsinə dair imzalanmış saziş çərçivəsində gəlmişdir.
A.Məhərrəmov görüşü açaraq dedi ki, Azərbaycanın dünya birliyinə dinamik inteqrasiyası ancaq respublikada iqtisadiyyatın, o cümlədən turizmin uğurlu inkişafı təqdirində mümkündür.
Rektorun sözlərinə görə, bu gün Azərbaycanın turizm sektoruna dünyanın aparıcı ali məktəblərində staj keçmiş yüksək ixtisaslı kadrlar gərəkdir, dost Türkiyə isə bu işdə çox zəngin təcrübəyə malikdir və bu təcrübəni öyrənmək lazımdır.
Balıkesir Universitetinin rektoru isə başçılıq etdiyi təhsil ocağının fəaliyyətlərindən danışdı və dedi ki, Azərbaycan turizmin inkişafı üçün yaxşı potensiala malikdir və biz turizmin bütün sahələrinin formalaşmasına və inkişafına kömək göstərməyə hazırıq.
Qeyd edildi ki, turizmin inkişaf sürətinə görə Türkiyə dünyanın 10 aparıcı dövləti sırasına daxildir. Türkiyənin turizm mərkəzlərinə hər il 12 milyon turist gəlir, bu sahənin gəliri isə 2003-cü ildə 9 milyard dollardan çox olmuşdur.
Nümayəndə heyətinin üzvləri bildirdilər ki, biz Türkiyə kurortlarına gələn turistlərin sayının daim artaraq, 20 milyon nəfərə çatmasına, sahənin gəlirinin isə 15 milyard dolları keçməsinə çalışırıq.
Sonra Türkiyə nümayəndə heyəti Prezident Heydər Əliyev muzeyində, elmi kitabxanada, universitetin tarixi muzeyində və coğrafiya fakültəsi nəzdindəki turizm şöbəsində oldular.
Görüşdə Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri də iştirak edirdilər.