SİYASƏT


AZƏRBAYCAN VƏ YUNANISTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

Respublikamızda səfərdə olan Yunanıstan xarici işlər nazirinin müavini A.Loverdosun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 10-da Şəhidlər xiyabanını ziyarət etmişdir.

Sonra qonaqlar Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə komissiyanın Hyatt Park mehmanxanasında keçirilən ilk iclasında iştirak etmişlər.

İclası giriş sözü ilə Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev açmışdır. Nazir demişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Yunanıstanla siyasi, iqtisadi sahələrdə əməkdaşlığa başlamış, əlaqələrimizin inkişaf etdirilməsi üçün bir sıra sənədlər imzalanmışdır. İqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə komissiyanın yaradılması əlaqələrimizin inkişafına təkan verəcək mühüm qurum olacaqdır.

Keçid dövrünün çətinliklərinə baxmayaraq, 1996-cı ildən Azərbaycanın iqtisadiyyatında dönüş yaranmışdır. İqtisadi sabitlik nəticəsində ÜDM-in həcmi 68 faiz artmış, istehsalın artımında qeyri-dövlət sektorunun payı 73 faiz olmuşdur. İnflyasiya minimuma - 3,3 faizə endirilmişdir. Yeddi il ərzində xarici ticarət dövriyyəsi 2,8 dəfə artmışdır. Azərbaycanın xarici iqtisadi əlaqələrini inkişaf etdirmək və ölkəyə xarici sərmayədarları cəlb etmək məqsədi ilə Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə mühüm tədbirlər həyata keçirilir. İlk növbədə qanunvericilik bazası yaradılmış, mülkiyyətin toxunulmazlığı sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir ki, bu da xarici sərmayədarların marağını artırmışdır. Azərbaycan MDB ölkələri içərisində adambaşına ən az kredit alan və ən yaxşı kredit qaytaran ölkələrdən biridir. Neft sektoru daha yaxşı inkişaf etmiş və neft məhsullarının istehsalının ÜDM-də xüsusi çəkisi təxminən 30 faizdir. Bu da neft sənayesinə xidmət edən əlavə 400 müəssisənin yaradılmasına xidmət etmişdir. Neftin ixracı ilə əlaqədar regional layihələr həyata keçirilir. Azərbaycanın kənd təsərrüfatı, ticarət, telekommunikasiya və digər sahələrində də irəliləyişlər vardır. Özəl sektorun inkişafı sayəsində bu sahəyə xarici iş adamları daha çox cəlb edilmişlər. Özəlləşdirmə proqramı da uğurla həyata keçirilir. Bu günə qədər 28 minə yaxın kiçik müəssisə özəlləşdirilmiş, 1500-ə yaxın böyük müəssisə səhmdar cəmiyyətinə çevrilmişdir. Elektrik enerjisi sahəsi uzunmüddətli icarəyə verilmişdir, bu qayda qaz və su sektorunda da davam etdiriləcəkdir. Kimya, maşınqayırma, telekommunikasiya sahələri də özəlləşdirilməyə hazırlanmışdır ki, bu da xarici sərmayədarların diqqətindən kənarda qalmır.

Bank sektoru Azərbaycanda sürətlə inkişaf etməkdədir. Hazırda 46 bank fəaliyyət göstərir ki, onların da 14-ü xarici bankdır. Xarici təsisçilər tərəfindən daha bir bank - mikrokreditləşmə bankı yaradılıb. Ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına təxminən 13, 6 milyard dollar xarici sərmayə qoyulmuşdur. Təkcə 2002-ci ildə bu rəqəm 1,8 milyard dollar təşkil etmişdir. Yunanıstan iş adamlarının da Azərbaycana sərmayə qoymaları üçün əlverişli şərait vardır.

Nümayəndə heyətinin rəhbəri A.Loverdos dedi ki, Yunanıstan da Azərbaycana xüsusi maraq göstərir. Ölkələrimiz arasında əlaqələrə yeni təkan vermək üçün rəsmi Afina qərar qəbul edib. Əlaqələrimizin daha intensiv inkişafı üçün yaradılmış hökumətlərarası komissiya müsbət nailiyyətlər əldə etməkdə xüsusi rol oynayacaqdır. Yunanıstan prezidenti Konstantinos Stefanopulosun bu il iyunun sonunda Bakıya səfəri zamanı bir sıra mühüm sənədlər imzalanacaqdır. Bizim ölkə Azərbaycanda həyata keçirilən bir sıra regional layihələrdə iştirak etmək niyyətindədir və çox güman ki, iyunun əvvəllərində keçiriləcək neft-qaz sərgisindən sonra bu sahədə müəyyən addım atılacaqdır. Ölkələrimiz arasında əlaqələrin daha intensiv inkişafı üçün yaxşı olardı ki, Azərbaycanın da Yunanıstanda səfirliyi açılsın.

Komissiyanın iclasından sonra işçi qrup aprelin 11-də imzalanacaq protokolun layihəsini hazırlamağa başlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.