SİYASƏT
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN AKTUAL PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUR
BEYNƏLXALQ ELMİ SESSİYANIN BEŞİNCİ-XÜSUSİ İCLASI
Aprelin 2-də Bakı Dövlət Universitetində Milli Elmlər Akademiyasının, Milli Arxiv İdarəsinin, BDU-nun təşkil etdikləri və Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi sessiyanın beşinci iclası keçirilmişdir. Əvvəlki iki iclasda olduğu kimi, bu dəfə də 31 mart azərbaycanlıların soyqırımına dair məruzələr dinlənilib müzakirə olunmuşdur.
Əvvəlcə Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayev “Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı soyqırımları” mövzusunda məruzə etmişdir.
Təqdirəlayiq haldır ki, son iclaslarda natiqlər hadisələrin təsvirinə, faktların sadalanmasına deyil, problemin mahiyyətinə varmağa, səbəb-nəticə əlaqələrinə üstünlük verirlər. Bu mənada A.Paşayevin məruzəsi də böyük marağa səbəb oldu. O, V əsrdən bəri ermənilərin ünsiyyətdə olduqları xalqlara daim başağrısı gətirdikləriini, Ön Asiyada və Cənubi Qafqazda məskunlaşandan sonra yeni vətənlərinin ağır günlərində düşmən dəyirmanına su tökdüklərini, ”beşinci dəstə” rolunu oynadıqlarını, həmvətənlərinə, qonşularına xəyanət etdiklərini, erməni kilsələrinin, xüsusilə Eçmiədzinin dini yox, siyasi mərkəz, terror mərkəzi rolu oynadığını xatırlatmışdır. Məruzəçi tarixi faktların təhlili yolu ilə gəldiyi maraqlı nəticələri də sessiya iştirakçılarının diqqətinə çatdıraraq bildirmişdir ki, vaxtilə türklər Kiçik Asiyaya gəlməsəydilər, buradakı ermənilərin kökü kəsilmişdi, ermənilərin millət kimi formalaşmasında ən böyük rolu türklər oynamışlar.
Məruzəçi ermənilərin Zəngəzurda və Qarabağda törətdikləri soyqırımı barədə Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının sənədlərində, o cümlədən dindirmə protokollarında kifayət qədər faktların olduğunu və onların geniş ictimaiyyətə çatdırılması üçün bundan sonra da səyini əsirgəməyəcəyini vurğulamışdır. Eyni zamanda, o, tarixçi və tədqiqatçı həmkarlarını rəqəmlərlə ehtiyatlı olmağa çağırmışdır.
Sonra BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının baş müəllimi Qismət Davudovun “Quba bölgəsində türk-müsəlman əhalisinə qarşı soyqırımları” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi bu qırğınlara göstərişi bilavasitə S.Şaumyanın verdiyini, ermənilərin Quba şəhərində o dövrün pulu ilə 4 milyon rubl nağd pul, 4,5 milyon rubl dəyərində qızıl məmulatı, qiymətli daş-qaş, 25 milyon rublluq məmulat və ərzaq malları qarət etdiklərini, iki yüzədək evi və tikilini yandırdıqlarını, Hamazaspın, Korqanovun, Gelovaninin başçılıq etdikləri quldur dəstələrinin dağıtdıqları və qarətə məruz qoyduqları 122 kəndin əhalisinə 58 milyon 121 min rubl dəyərində ziyan vurduqlarını, bölgədə minlərlə dinc əhalinin qətlə yetirildiyini, 32 kəndin tamamilə məhv olunduğunu xatırlatmışdır.
Gənc tədqiqatçı problemin araşdırılması ilə bağlı mülahizələrini də bildirərək demişdir ki, qırğınların günahkarları sırasında o zaman bizə kömək etməyənlərin də adları hallanmalı, 26 Bakı komissarının, xüsusilə Şaumyanın, Caparidzenin, Əmirov qardaşlarının, Korqanovun antiazərbaycan fəaliyyəti tədqiqata cəlb olunmalıdır.
Milli Məclisin deputatı, BDU tarix fakültəsinin dekanı professor Yaqub Mahmudov müzakirələrə yekun vuraraq demişdir ki, düşmən məkrli və mütəşəkkil olsa da, bundan çəkinmək lazım deyildir. Məhz belə tədbirlərin köməyi ilə onun əməllərini ifşa etmək lazımdır. V əsrdən bəri Qriqorian kilsəsinin, imperiya ambisiyalı dövlətlərin qızışdırdığı və müdafiə etdiyi məkrli ermənilərə qarşı biz nurlu humanist silahımızı - Prezidentimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyasını qoymalıyıq.