SİYASƏT
AZƏRBAYCAN XARİCİ SİYASƏTİNDƏ RUSİYA İLƏ QARŞILIQLI ƏLAQƏLƏRƏ XÜSUSİ YER VERİR
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 17-də Rusiya Dövlət dumasının deputatı, Federal Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Dmitri Roqozinlə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan Xələf Xələfov Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında bu ölkələrin prezidentləri Heydər Əliyevlə Vladimir Putinin səylərini xüsusi qeyd etmiş, xarici siyasət idarələrinin istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlığının vacibliyini də yüksək qiymətləndirmişdir.
Rusiya və Azərbaycan parlamentləri arasında əlaqələrin yüksək səviyyəsindən söhbət açan nazir müavini ölkəmizin öz xarici siyasətində şimal qonşusu ilə qarşılıqlı əlaqələrə xüsusi yer verdiyini qeyd edərək Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini və Büro üzvü seçilməsində Rusiya deputatlarının göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.
İki ölkə arasındakı əlaqələrin surətlə inkişafından məmnun qaldığını deyən Dmitri Roqozin bu əlaqələrin qarşılıqlı etimada xidmət etdiyini xüsusi vurğulamışdır. Diaspor məsələsinə toxunan rusiyalı deputat bu sahədə parlamentlər səviyyəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulamışdır. Daha sonra qonaq qeyri-leqal miqrasiya məsələlərinə toxunaraq, ölkəsinin bu sahədə həyata keçirəcəyi bir sıra tədbirlər barədə məlumat vermiş, probemlərin sivil yolla həll ediləcəyini bildirmiş, Rusiya ilə Azərbaycan arasında vizasız gediş-gəliş rejiminin saxlanılmasında ölkəsinin maraqlı olduğunu vurğulamışdır. Azərbaycanın strateji cəhətdən əhəmiyyətli məkanda yerləşdiyini önə çəkən D. Roqozin regionda davamlı sülh üçün Rusiyanın maraqlı olduğunu bildirmişdir.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın böyük potensiala malik olduğunu vurğulayaraq, onun ATƏT-in Minsk Qrupu çərçivəsində səylərini artıracağına ümid etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.