AZƏRBAYCAN-YAPONİYA ƏLAQƏLƏRİ SÜRƏTLƏ İNKİŞAF EDİR
AzerTAg.az
Noyabrın 24-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiya xarici işlər nazirinin müavini İçiro Fucisaki ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir müavini Xələf Xələfov ölkəmizin Yaponiya ilə əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayaraq, bunun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O, Yaponiyanın respublikamızda enerji sahəsində bir sıra iri layihələrin həyata keçirilməsində iştirakını yüksək qiymətləndirmiş, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirmişdir. Xələf Xələfov Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASEKA) çərçivəsində əməkdaşlığın möhkəmlənməsinin və konkret layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd etmişdir. Diplomat ölkəmizə göstərdiyi yardıma görə Yaponiya tərəfinə təşəkkür etmişdir.
Daha sonra, nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır vəziyyəti barədə qonağa məlumat vermiş, bu münaqişənin regionda təhlükəsizliyin bərqərar olunmasına, habelə iqtisadiyyatın inkişafına ciddi maneə törətdiyini vurğulamışdır.
Öz növbəsində İçiro Fucisaki sərmayələr, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini qeyd etməklə yanaşı, Yaponiya tərəfindən ölkəmizə yardım olunacağının, qaçqınlara və məcburi köçkünlərə köməyin davam etdiriləcəyini bildirmişdir. O, demokratik proseslərin və bazar iqtisadiyyatının inkişafında Azərbaycana dəstək verəcəklərini qeyd etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq, münaqişənin həllinin bütün dünyada təhlükəsizlik və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını vurğulamış, problemin tezliklə sülh və dialoq yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Həmçinin, görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlığa, habelə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var