SİYASƏT
AZƏRBAYCAN YENİ PREZİDENTİNİN RƏHBƏRLİYİ İLƏ DAHA YÜKSƏK ZİRVƏLƏR FƏTH EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə parlamentin sədri qonaqları səmimi salamlayaraq Azərbaycan Prezidentinin andiçmə mərasimində iştiraklarına görə onlara təşəkkürünü bildirmiş, ölkəmizdə keçirilmiş prezident seçkiləri haqqında fikirlərini açıqlamışdır. Qeyd edilmişdir ki, 15 oktyabr seçkiləri dünya standartlarına uyğun, çoxsaylı beynəlxalq müşahidəçilərin iştirakı ilə tam demokratik, şəffaf və ədalətli şəraitdə keçirilmişdir. Bu seçkilərdə xalq öz iradəsini açıq şəkildə ifadə etmişdir.
Parlamentin sədri söhbət zamanı Azərbaycanın son illər qazandığı nailiyyətlərdən söz açmış, Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir. Sonra M.Ələsgərov Dağlıq Qarabağ probleminə toxunmuş, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapacağına əmin olduğunu bildirmişdir.
Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Haluk İpək Türkiyə nümayəndə heyətinin Bakıda tarixi günlər yaşadığını xüsusi qeyd edərək demokratik şəraitdə keçirilmiş seçkiləri yüksək qiymətləndirmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan yeni seçilmiş Prezidentinin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.
Dağlıq Qarabağ probleminin regionun inkişafına mane olduğunu nəzərə çatdıran Haluk İpək münaqişənin həllinin təkcə Azərbaycanın deyil, bölgənin dirçəlişi üçün də mühüm əhəmiyyət daşıdığını bildirmişdir. O qeyd etmişdir ki, bu məsələdə Türkiyə həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və dəstəkləyəcəkdir.
Görüşdə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Rzayev iştirak edirdi.