SİYASƏT
AZƏRBAYCAN-YUNANISTAN İQTİSADİ MÜNASİBƏTLƏRİNİ GENİŞLƏNDİRMƏK ÜÇÜN KONKRET TƏKLİFLƏR İRƏLİ SÜRÜLMÜŞDÜR
Yunanıstan xarici işlər nazirinin müavini Andreas Loverdos AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indi, Yunanıstan Prezidentinin Azərbaycana səfəri gedişində keçiriləcək Yunanıstan-Azərbaycan biznes forumuna hazırlıq getdiyi bir vaxtda ölkələrimizin ayrı-ayrı hökumət qurumları və özəl şirkətləri arasında əməkdaşlıq haqqında konkret təkliflər irəli sürülmüşdür.
Diplomatın sözlərinə görə, Yunanıstanla Azərbaycan arasında dəniz ticarəti haqqında saziş imzalamaq nəzərdə tutulur. Bu saziş Azərbaycan tərəfinə Yunanıstanın limanlarında bu ölkənin gəmiləri ilə eyni qiymətdə sifarişlər almaq imkanı verəcəkdir.
Bundan əlavə, iyunun əvvəlində Yunanıstanın DEPA şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 2006-cı ildən Azərbaycanın “Şahdəniz” yatağından Yunanıstana qaz nəqli barədə saziş imzalanacaqdır.
Andreas Loverdos demişdir: “Biz hesab edirik ki, dostluq əlaqələrimizin inkişafının əsasını, ilk növbədə, iqtisadi münasibətlərin dərinləşməsi təşkil etməlidir”.