MƏDƏNİYYƏT
AZƏRBAYCAN YUNESKO İLƏ ƏMƏKDAŞLIĞA XÜSUSİ DİQQƏT YETİRİR
Martın 25-də mədəniyyət naziri Polad Bülbüloğlu Parisdə YUNESKO-nun baş direktoru Koiçiro Matsuura ilə görüşmüşdür. Söhbət zamanı YUNESKO-Azərbaycan əlaqələri müzakirə edilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, nazir bu ilin yanvar ayında baş direktorun müavini Munir Buşenakinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin yüksək səviyyədə keçdiyini və ölkəmizin Prezidenti Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirmişdir. Azərbaycan Prezidentinin YUNESKO ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini nəzərə çatdıran nazir buna misal olaraq Prezidentin İçərişəhər tarixi memarlıq kompleksinin qorunması və bərpası haqqında 2003-cü il 17 fevral tarixli Sərəncamı barədə məlumat vermişdir.
Baş direktor 2000-ci ilin aprel ayında Bakıya səfərini və Prezident Heydər Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırlatmış, Azərbaycan və YUNESKO arasında əlaqələrin inkişafından razı qaldığını söyləmiş, nümayəndə heyətini yüksək səviyyədə qəbul etdiyinə görə ölkəmizin başçısına dərin təşəkkürlərini çatdırmağı nazirdən xahiş etmişdir.
Mədəniyyət naziri Qobustan tarixi mədəniyyət qoruğunun sənədlərinin hazırlanaraq Ümumdünya İrs Siyahısına salınmaq üçün Ümumdünya İrs Mərkəzinə təqdim olunduğunu, bu işdə YUNESKO mütəxəssislərinin yaxından iştirak etdiyini və Qobustan qoruğunun 2004-cü ildə Ümumdünya İrs Siyahısına salınacağına ümidvar olduğunu bildirmişdir. Görüşdə iştirak edən baş direktorun müavini M.Buşenaki Qobustan qoruğu ilə bağlı sənədlərin yüksək səviyyədə hazırlandığını və onun Ümumdünya İrs Siyahısına salınmaq ehtimalının yüksək olduğunu söyləmişdir.
Sonra Polad Bülbüloğlu Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində xalqımızın tarixi milli sərvəti olan abidələri dağıtdığını və qiymətli muzey əşyalarını isə mənimsəyərək, özününkü kimi təqdim etdiyini baş direktorun nəzərinə çatdırmışdır. O, bu məsələdə Azərbaycana kömək göstərməyi YUNESKO rəhbərliyindən xahiş etmişdir.
Daha sonra nazir bu qurum tərəfindən hazırlanmaqda olan “Qeyri- maddi mədəni irsin qorunmasına dair” Konvensiya layihəsinə toxunmuş və onun tezliklə başa çatdırılmasının vacibliyini qeyd etmişdir. Nazir həmkarları – MDB və türkdilli ölkələrin mədəniyyət nazirlərinin də bu arzuda olduqlarını bildirmiş, bir qədər əvvəl onların iştirakı ilə Bakıda keçirilmiş toplantıların qərarlarını baş direktora təqdim etmişdir.
Baş direktor həm ikitərəfli əlaqələrin inkişafı üçün göstərdiyi səylərə, həm də YUNESKO-nun Konvensiya və müqavilələrinə MDB mədəniyyət nazirləri şurası və Türksoy adından verdiyi dəstəyə görə P.Bülbüloğluna təşəkkürünü bildirmişdir.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Ramiz Abutalıbov iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris